XƏBƏRLƏR
MƏLUMAT
Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2024 14:41

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədəbiyyatşünas Salman Mümtazın 140 illiyi ilə bağlı “Türk dünyasının Mümtaz oğlu” adlı biblioqrafik icmal və “Ədəbiyyatımızın Mümtazı” adlı geniş videomaterial hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda şairin gənclik illəri, ədəbiyyata gəlişi, “Molla Nəsrəddin” jurnalı, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Dövlət Muzeyində xidmətləri, Abbas Səhhət, Mirzə Ələkbər Sabir kimi Azərbaycan ədəbiyyatının görkəmli simaları ilə birgə fəaliyyəti haqqında məlumat verilib.

Videomaterialda onun 1920-ci ildə Azərbaycan ədəbiyyatının bərpası üzrə komissiyanın təşkilatçısı və sədr olması, uzun illər Azərbaycanı gəzərək yazıçıların əlyazmalarını toplaması, 200 kitab, məqaləni “Unudulmuş yarpaqlar” başlığı altında dərc etdirməsi, klassiklərin əsərlərinin toplanıb, yenidən nəşr olunmasında nümayiş etdirdiyi müstəsna əməyi haqqında məlumatlar təqdim olunub. Həmçinin S.Mümtazın repressiya dövründə “Xalq düşməni” damğası altında həbs edilməsi, topladığı 270-ə yaxın əlyazmaların məhv edilməsi, sürgünlük həyatı və xatirəsinin əbədiləşdirilməsi haqqında faktlar da öz əksini tapıb.

“Türk dünyasının Mümtaz oğlu” adlı biblioqrafik icmalda görkəmli şəxslərin mədəniyyət tariximizin fədakar tədqiqatçısı haqqında söylədikləri dəyərli fikirlər, müəllifi olduğu və onun haqqında qələmə alınan “Salman Mümtazın şəxsi fondundan folklor mətnləri”, “Azərbaycan ədəbiyyatının qaynaqları”, “El şairləri”, “XX əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri”, “Salman Mümtaz arxivinin təsviri”, “Salman Mümtazın ədəbi və elmi fəaliyyəti” kimi iyirmiyə yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası yer alıb.

Materiallarla kitabxananın rəsmi saytından https://ryl.az/multimedia/edebiyyatimizin-mumtazihttps://ryl.az/funds/biblioqrafik-icmal  tanış olmaq mümkündür.

Baxış sayı: 126