XƏBƏRLƏR
MƏLUMAT
Gəncə faciəsi və ya məhv olmuş uşaqlıq...
ÜMÜMİ XƏBƏRLƏR
06/11/2020 00:51

2020-ci ilin payızı tarixdə Vətən müharibəsi, Gəncə və Bərdə faciəsi və bütün varlığımızla inanaraq gözlədiyimiz müzəffər Azərbaycan Ordusunun Böyük Qələbə xəbərləri ilə qalacaq.

“Torpaq – uğrunda ölən varsa, Vətəndir!”, bir də “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı” deyib, Ali Baş Komandanımız cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” nidası ilə sentyabr ayının 27-dən başlayaraq təxribatçı düşmənə qarşı əks-hücuma keçən Milli Ordumuz düşmənlə mərdi-mərdanə döyüşür. Hər gün qələbə soraqlı xəbərlərlə arxa cəbhədə onların qazi kimi evlərinə, ailələrinə dönməsini gözləyən Azərbaycan xalqına Şuşa müjdəsini anbaan yaxınlaşdırır.

Döyüşdə məğlub olan düşmən isə son nəfəsində də mənfur xislətindən əl çəkmir və gücünü dinc sakinlərdən çıxaraq cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərini qadağan olunmuş silahlardan, ballistik raketlərdən atəşə tutaraq, dinc sakinləri, qocaları, uşaqları, qadınları qanına qəltan edir, körpələri yetim qoyur, valideynlərə övlad dağı çəkdirir. Tərtər, Goranboy, Ağdam rayonlarını müntəzəm artilleriya atəşinə tutaraq insanları təlaşlandırmaq, döyüş ruhunu, qələbə əzmini sarsıtmaq istəyir.

Lakin unudur ki, Azərbaycan xalqı mərd, Azərbaycan anası isə fədakardır. Hər Şəhidimiz ürəyimizin bir parçası, hər Şəhid Anası başımızın tacı, Şəhid balaları isə hamımızın övladıdır.

Sizə təqdim etdiyimiz videoçarx Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət Mərkəzində bədii rəhbər, Zirə Mədəniyyət Mərkəzi-EKO Parkda isə art studio rəhbəri vəzifəsində çalışan Azərbaycan Rəssamlar İttifaqının üzvü, yerli və beynəlxalq müsabiqələrdə uğurla çıxış edən, istedadlı rəssam Məzahir Rüstəmovun Gəncə faciəsinə vətəndaş-sənətkar münasibətini əks etdirir.

Bədii-sənədli təqdimatda rəssam uşaqlığı məhv olmuş, faciədə həyatını, valideynlərini itirmiş balacaların, gözünün yağı ilə böyütdükləri canlarının bir parçası olan övladlarını itirən valideynlərin faciəsini ürək yanğısı ilə dünya ictimaiyyətinə çatdırmaqla, onları ermənilərin insanlığa qarşı yönəlmiş soyqırım, vandalizm və terror siyasətinə göz yummamağa, beynəlxalq hüquqa və insan haqlarına qarşı olan bu faciəyə obyektiv qiymət verməklə, günahkarları cəzalandırmağa çağırır.

Videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz:

Baxış sayı: 532