XƏBƏRLƏR
MƏLUMAT
“Cəsurluq məktəbi” rubrikasında Rəşad Qənbərli
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2023 00:44

Rəşad Əlizamin oğlu Qənbərli  25 iyun 1996-cı ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. Ailəli idi.

Rəşad Qənbərli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərib. Sonra yenidən müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətinə davam edib. Quru Qoşunlarının “Komando” Briqadasının tərkibinə daxil olub.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş verib. Döyüşlərdə Quru Qoşunlarının “Komando” Briqadasının kəşfiyyatçısı kimi iştirak edən Rəşad Qənbərli 16 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Həmin gün nəşi doğulduğu Cəlilabad rayonunun Uzuntəpə kəndində dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Baxış sayı: 111