XƏBƏRLƏR
MƏLUMAT
Bu gün “Əjdaha” ləqəbli şəhid Mayis Yaqubovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
20/04/2021 01:56

Mayis Yaqubov 1998-ci aprelin 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Orta məktəbi elə Daş Salahlıda oxuyub. Uşaqlıqdan arzusu kəşfiyyatçı olmaq olub.

2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub və arzusunda olduğu kimi kəşfiyyatçı ixtisasını seçib. Oxuduğu müddətdə müəllimlərinin və komandirlərinin hörmətini qazanıb. Qrup yoldaşları ilə dost-qardaş münasibətində olaraq rus və erməni dilinə xüsusi diqqət göstərib. Hər zaman deyərdi “əsl kəşfiyyatçı düşmənin dilini yaxşı bilməlidir”. Hətta ona  AAHM-də erməni dili müəllimi kimi qalmaq təklif olunsa da Mayis imtina edib.

Sentyabrın 27-də müharibə başlayanda Mayis Naxçıvandan gələn ilk XTQ-nin tərkibində döyüşlərdə iştirak edib. Əvvəl Hadrutun işğaldan azad edilməsi və əks hücumların qarşısının alınmasında iştirak edib.Oktyabrın 17-də Xocavəndin Tuğ kəndində qızğın gedən döyüşlərdə ağır yaralanıb və cəbhənin dərinliyində olduğu üçün 5 saata qədər ölümlə mübarizə apardıqdan sonra şəhidlik zirvəsinə ucalıb.

Oktyabrın 22-si doğulduğu Qazax rayonunun Daş Salahlı kəndinin Şəhidlər xiyabanında torpağa tapşırılıb . İgidliyi ilə hər zaman öndə olan qəhrəmanımıza cəbhə yoldaşları “Əjdaha” ləqəbini verib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Baxış sayı: 552