XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanda yaradıcı sənayelər həftəsi (“Yaradıcı Həftə”) keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
17/11/2023 09:31

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2023-cü ilin 28 noyabr – 3 dekabr tarixlərində “Yaradıcı Həftə” təşkil ediləcək.

Yaradıcılıq layihəsi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Mədəni və yaradıcı cəmiyyətin inkişafının təşviqi” fəaliyyət istiqaməti üzrə reallaşdırılacaq.

Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.

Müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, onlarla beynəlxalq və yerli təşkilatın nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklərin iştirakı ilə təşkil olunan bu həftə çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək, ölkəmizdə ilk dəfə “Musiqi Sənayesi Platforması”nın yaradılması istiqamətində addımlar atılacaq.

Eyni zamanda “Yaradıcı Həftə”də kreativ məhsulların sərgisi, hakatonlar, yaradıcı diskusiyalar, müsabiqələr, festivallar, təqdimatlar və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Baxış sayı: 248