XƏBƏRLƏR
MƏLUMAT
22 İyul – Milli Mətbuat və Jurnalistika Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
22/07/2022 00:08

22 İyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 1875-ci il 22 iyul tarixində nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil edib, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olub. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Tazə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıblar.

Azərbaycan mətbuatı Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal rol oynayıb. Ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənib, jurnalistikanın çeşidli növləri meydana çıxıb.

Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 5 iyul tarixli Fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul Azərbaycan Mətbuatı və Jurnalistikası Günü elan edilib.

Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli dərəcədə irəliləyiş baş verib. Hazırda ölkədə 5000-ə yaxın kütləvi informasiya vasitəsi qeydiyyata alınıb. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayıb.

Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul edilib. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib.

Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.

Bütün mətbuat işçilərini və jurnalist həmkarlarımızı Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edirik, qələminiz iti, sözünüz kəsərli olsun.

Baxış sayı: 693