XƏBƏRLƏR
MƏLUMAT
“Qoca və dəniz”lə Nobel zirvəsinə
ÜMÜMİ XƏBƏRLƏR
08/09/2021 01:30

Məşhur Amerika yazıçısı Ernest Heminquey 1899-cu ilin 21 iyul tarixində, ABŞ-ın Çikaqo şəhəri yaxınlığındakı Ouk-Park şəhərciyində  doğulub. Ailədə olan altı uşaqdan ən böyüyü olub. Anası opera müğənnisi, 1928-ci ildə intihar edərək həyatına son qoyan atası isə həkim olub. Orta təhsilini başa vurduqdan sonra könüllü olaraq cəbhəyə getmək istəsə də, gözlərindəki problemə görə arzusunu reallaşdıra bilməyib. Bir müddət Kanzasda çıxan "Star" qəzeti ilə əməkdaşlıq etdikdən sonra könüllülərdən ibarət dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsinin döyüş zonasına gedə bilib. Amerika Qırmızı Xaç Cəmiyyətinin sürücüsü kimi hərbi əməliyyatlarda iştirak edib, ayağından yaralanıb, göstərdiyi igidliyə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunub. On il sonra qələmə alacağı "Əlvida silah" (1929) romanındakı bir çox hadisə və personajların şəxsən şahidi olub.

Çikaqoya qayıtdıqdan sonra yazıçı Şervurd Andersenlə tanış olub və yaşlı həmkarının təkidi ilə canını "mənəviyyatsız həyat"dan qurtarmaq üçün Parisə gedib. 1921-ci ildə, Amerikanı tərk etməzdən əvvəl Elizabet Riçardsonla evlənib. Bu evlilik onun dörd rəsmi evliliyindən birincisi olub.

Heminquey Parisdə yazıçı həmvətənlərindən Gertruda Stayn, Erza Paund, Skott Fitceraldla görüşüb tanış olub. Onun "Hekayələr və üç şeir" (1923), "Zəmanəmizdə" (1924) adlı ilk kitabları da Parisdə işıq üzü görüb. Bir müddət "Toronto star" qəzeti üçün məqalələr yazıb. Ədəbi tənqidin hay-küylə qarşıladığı "Günəş çıxır" (1926) romanı ona böyük uğur qazandırıb. "Əlvida silah" (1929), "Olmaq, ya olmamaq" (1937) "Əcəl zəngi" (1940), "Çayla ağaclara tərəf" (1950) romanları geniş oxucu marağına səbəb olub.

Ernest Heminquey 1952-ci il 8 sentyabr tarixində o, özünə dünya şöhrəti gətirəcək “Qoca və dəniz” povestini yazıb. Povestdə dənizdə təkbaşına taleyin hökmünə buraxılan və köpək balıqları ilə yaşamaq uğrunda mübarizə aparan qoca balıqçıdan danışılır. Bu mübarizə o qədər təsirli təsvir edilib ki, oxucunu özü də bilmədən ruhən baş verən hadişələrin iştirakçısına çevirir.

“Qoca və dəniz” povesti beynəlxalq aləmdə dərhal böyük əks-sədaya səbəb oldu. 1953-cü ildə bu povestə görə Ernest Heminqueyə beynəlxalq Pulitserov mükafatı verilib. Amma həmin il Afrikaya gedən Heminquey təyyarə qəzasına düşüb, ancaq bəxti gətirib və sağ qalıb. 1954-cü ildə isə Ernest Heminquey hər bir yazıçının arzuladığı, ancaq çox azının ala bildiyi ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülüb.

Dünya şöhrətli Amerika yazıçısı Ernest Heminquey 1961-ci ildə ABŞ-da dünyasını dəyişib.

Baxış sayı: 129