XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq rəssamı Fazil Nəcəfovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
16/02/2024 09:39

Fazil İmamverdi oğlu Nəcəfov 16 fevral 1935-ci ildə Bakıda anadan olub. 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Sonra V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsilini davam etdirib.

Onun 60-cı illərin əvvəllərində başlayan yaradıcılığı bir sıra maraqlı əsərlərlə, o cümlədən “İzahat” və “Neftçi” heykəltaraşlıq kompozisiyaları ilə yadda qalıb. Azərbaycan heykəltaraşlığında avanqardizmin banisi hesab edilən sənətkarın “Qara ay”, “Korlar”, “Mələk”, “Ömrün mərhələləri”, “Söhbət”, “İstirahət edən qoca”, “Min yaşlı kişi”, “Dua”, “Əkizlər”, “Fəvvarə” və digər əsərləri maraqla qarşılanıb.

Heykəltaraşın sonuncu monumental işlərindən biri 2014-cü ildə tamamladığı dahi bəstəkar Qara Qarayevin məzarüstü abidəsidir. Sənətkarın əsərləri bu gün əsasən Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında yer alır.

Yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilən Fazil Nəcəfov “Xalq rəssamı” (2002) fəxri adına, Prezident təqaüdünə (2004), “Şöhrət” (2020) ordeninə layiq görülüb.

Sənətkarın həyat və yaradıcılığı haqqında “Göyə baxan daşlar” (2019) sənədli filmi çəkilib. 

Fazil Nəcəfov 12 iyul 2023-cü ildə vəfat edib.

Baxış sayı: 186