XƏBƏRLƏR
MƏLUMAT
Bakı Gənclər Mərkəzində əfsanəvi aktrisa Roza Cəlilova ilə görüş keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
24/07/2024 09:47

İyulun 27-də saat 16:00-da Bakı Gənclər Mərkəzində əfsanəvi xoreoqraf-baletmeyster Roza Cəlilova ilə görüş keçiriləcək.

AZƏRTAC xəbər verir ki, görkəmli xoreoqraf, “Şərəf” və “Şöhrət” ordenləri kavaleri, Azərbaycanın Xalq artisti Roza Cəlilova ilə yaradıcı görüşün təşkilatçısı İRƏLİ ictimai birliyidir. Ustadın 95 illiyinə həsr olunmuş tədbir Bakı Gənclər Mərkəzi, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

Görüşün proqramında Roza Cəlilova ilə söhbət və rəqs nömrələri nəzərdə tutulub.

Roza Cəlilova 1929-cu il mayın 17-də Qubada dünyaya göz açıb. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin klassik şöbəsini fərqlənmə diplomu ilə bitirib. İki il Azərbaycan Opera və Balet Teatrının balet truppasında işləyib. 1949-cu ildə ovaxtkı bədii şuranın icazəsi ilə Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-1975-ci illərdə bu ansamblın rəqs qrupuna rəhbərlik edib. Uzun illər xoreoqraf işləyib. 1988-ci ildə bu günə kimi parlaq fəaliyyətini davam etdirən “Gülüstan” mahnı və rəqs ansamblı yaradıb. Roza Cəlilova 30 ildən artıq müddətdə Azərbaycanı Kanada, Çin, ABŞ, Avropa ölkələri, Türkiyə, İraq, Efiopiya, Mərakeş və digər dövlətlərdə keçirilən beynəlxalq festivallarda təmsil edib.

Baxış sayı: 199