XƏBƏRLƏR
MƏLUMAT
“Foto Kadr 2023” mükafatlandırma mərasimi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/07/2024 17:00

Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə ənənəvi “Foto Kadr 2023” mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İctimai Birliyin sədri Rəşad Mehdiyev əsas məqsədlərinin ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək, həmçinin ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaq olduğunu bildirib.

“Bu məqsədə çatmaq üçün İctimai Birlik hər il müxtəlif layihələr, fotomüsabiqələr, fotosərgilər, ustad dərsləri təşkil edir. 2023-cü ildə fotoqraflarımız Azərbaycanın adına 271 beynəlxalq mükafat qazandırıblar. Ümumilikdə isə son 10 il ərzində beynəlxalq fotomüsabiqələrdə azərbaycanlı fotoqraflar tərəfindən 830-dan artıq mükafat əldə olunub. Onlardan 129-u qızıl, 62-si gümüş, 59-u bürünc medal, 370-i fəxri lent, 214-u diplom və sertifikatlardır. Bildirilib ki, hazırda ölkəmizdə beynəlxalq statusa malik 10-dan çox fotoqrafımız var”, - deyə o əlavə edib.

Gilavar Foto Klubunun təşkil etdiyi, eləcə də digər beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqraflara, medallar, xüsusi lentlər və diplomlar, Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarını qazanan həmyerlilərimizə isə sertifikatlar və döş nişanları təqdim olunub.

Mükafat alanlar arasında peşəkar fotoqraflar Dilavər Nəcəfov, Kərim Abbasov, İlqar Cəfərov, Nurlan Tahirli, Valeriy Xlızov, Teymur Məmmədov, Nadejda Cavadova, Famil Mahmudbəyli, Tofiq Babayev, Vüqar İbadov, Aleksandr Firstov və Ruslan Hacızadənin adını çəkmək mümkündür.

Baxış sayı: 226