XƏBƏRLƏR
MƏLUMAT
22 iyul - Azərbaycanda Milli Mətbuat Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
22/07/2024 09:33

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. “Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün – iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.

XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər görkəmli ziyalıların böyük xidmətləri olub.

1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək “Əkinçi”nin cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq, o, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynayıb.

Azərbaycanın milli mətbuatı müxtəlif dövrləri əhatə edən böyük bir yol keçib. Müasir dövrdə mediamızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Lider hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirir, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirirdi. 1998-ci ildə senzuranın ləğv edilməsi mətbuatın qarşısında yaşıl işıq yandırdı.

Ulu Öndər mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub, çoxsaylı qəzet və jurnallar nəşr olunur, televiziyalar fəaliyyət göstərir, onlayn media şəbəkəsi ildən-ilə genişlənir. Müasir texnologiyalarının tətbiqi sayəsində milli mətbuatımız qlobal informasiya məkanına inamla daxil olur.

Baxış sayı: 174