XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada professor Ceyran Mahmudovaya həsr olunmuş kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
19/07/2024 17:15

Əməkdar incəsənət xadimi, tanınmış musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor Ceyran Mahmudovanın anadan olmasının 60 illik yubileyi ilə əlaqədar Milli Kitabxanada “Professor Ceyran Mahmudova” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə musiqişünas alimin monoqrafiyaları, tərtibçisi olduğu və redaktə etdiyi kitablar, elmi məqalələri, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Ceyran Mahmudova 1971-1982-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1982-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Tarixi-nəzəriyyə fakültəsinə daxil olub, 1987-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib, 1987-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub.

1994-cü ildə “Azərbaycan təsniflərinin problemləri” mövzusunda namizədlik, 2012-ci ildə “Azərbaycan bəstəkarlarının mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Ali Attestasiya Komissiyası tərəfindən 2003-cü ildə “dosent”, 2017-ci ildə “professor” elmi adına layiq görülüb.

Prezident İlham Əliyevin 2018-ci il 30 iyul tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin olunub. 2023-cü il dekabrın 13-də “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif edilib.

Baxış sayı: 193