XƏBƏRLƏR
MƏLUMAT
Heykəllərin cilalanması ilə bağlı reallaşdırılan layihə çərçivəsində tədbir təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
24/07/2024 09:43

İyulun 23-də Mirzə Ələkbər Sabirin heykəli qarşısında Mədəniyyət Nazirliyinin heykəllərin cilalanması ilə bağlı reallaşdırdığı layihə çərçivəsində tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova jurnalistlərə açıqlama verib. Qeyd edib ki, monumental abidələri qorumaq, mütəmadi olaraq təhlil etmək lazımdır.

Bu istiqamətdə dünya təcrübəsindən yararlandığını diqqətə çatdıran S.Kərimova deyib: “Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Abadlıq Xidməti ilə birgə abadlıq işləri aparılır. Bunun kontekstində şəhərimizdə yerləşən heykəltaraşlıq abidələrini təmizləyib, ehtiyac olan abidələri peşəkarcasına bərpa edirik. Monumental abidələrin çoxu açıq havada yerləşir. Bu səbəbdən də abidələr dağılır. Mirzə Ələkbər Sabirin heykəli Bakıda ucaldılan ilk heykəltaraşlıq nümunələrindəndir”.

İlkin layihə üzrə, ümumilikdə 20 heykəlin təmizlənməsi işləri aparıldığını vurğulayan sənətşünaslıq üzrə fəlsəfə doktoru, heykəltaraş Fərman Qasımov bildirib ki, hazırda üç heykəl üzərində iş bitib, tam hazırdır, dördüncünün üzərində son tamamlanma işləri gedir. “Heykəl vaxtından tez çirklənərsə, o xüsusi qaydada təmizlənir. Heykəl üzərində iş yekunlaşdıqdan sonra zaman-zaman yenidən tündləşib, əvvəlki tonuna qayıdacaq”,- deyə o əlavə edib.

“Layihədə ilkin yanaşma heykəllərin əvvəlki görünüşünə qaytarılmasıdır. Biz monitorinq keçirəndə abidələrin icbari bərpaya ehtiyacı olduğunu anladıq”,- deyə heykəltaraş Orxan Nəbizadə vurğulayıb. Onun sözlərinə görə, abidələrin əsaslı bərpası deyərkən, ilk növbədə, zahiri estetik görünüş nəzərdə tutulur: “Hazırda qarşısında durduğumuz M.Ə.Sabirin heykəli üzərində biz bu işləri görmüşük”.

Baxış sayı: 131