XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Şahnaz Haşımovanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
02/04/2024 09:55

Şahnaz Həsən qızı Haşımova 2 iyun 1957-ci ildə Gəncədə anadan olub. Q.Hüseynli adına Gəncə Musiqi Məktəbini bitirib (1979).

1971-1973-cü illərdə bədii özfəaliyyət kollektivlərinin "Oxu, tar" festivalının iştirakçısı olub. 1975-ci ildən "Göy-göl" xalq çalğı alətləri ansamblının (1977-ci ildən "Göy-göl" Dövlət Mahnı və Rəqs Ansamblının) solistidir. 1997-ci ildən 2017-ci ilə kimi Gəncə Dövlət Filarmoniyasının direktoru olub. Repertuarına xalq mahnıları ("Uca dağlar", "Qaragilə", "Şuşanın dağları" və s.), muğamlar (“Kəsmə şikəstə”, “Qarabağ şikəstəsi”, “Mirzə Hüseyn segahı”, “Şahnaz,” “Dəstgah” və s.), Azərbaycan bəstəkarlarının mahnıları ilə yanaşı, həmçinin türk, fars, tacik, əfqan, ərəb və s. xalqların mahnıları daxildir.

Şahnaz Haşımova şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, Gəncə Dövlət Filarmoniyasının "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin konsertlərinə bədii rəhbərlik və təşkilatçılıq edir.

Şahnaz Haşımova bir çox xarici ölkələrdə dəfələrlə Azərbaycan musiqisinin əsl təbliğatçısı olub, yetişdirdiyi gənc müğənnilərlə Azərbaycanda və xarici ölkələrdə Azərbaycan musiqisini layiqincə təmsil edib.

Şahnaz Haşımova "Mən dərdimi mahnılara danışdım"(2003). "Vətən sən güman yerimsən"(2016), Qar dənələri (2023) adlı kitabların müəllifidir.

Şahnaz Haşımovanın Azərbaycan televiziyası və radiosunun "Qızıl Fondu"nda saysız-hesabsız lent yazıları qorunur və saxlanılır. Eyni zamanda rəhbərlik etdiyi kollektivlər AzTV və digər televiziya kanallarında çıxış edib. Şahnaz Haşımova 2000-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb.

2002, 2005, 2012-ci, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Baxış sayı: 79