XƏBƏRLƏR
MƏLUMAT
Bakıda Rusiyanın Aleksandrinski teatrının təhsil proqramına start verilib
ÜMÜMİ XƏBƏRLƏR
20/02/2024 10:02

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rusiyanın Milli Dram Teatrının təşəbbüskarı olduğu “Aleksandrinski teatr məktəbi: MDB-nin iştirakçısı olan dövlətlərlə əməkdaşlığın inkişafı” təhsil proqramının təqdimatı mərasimi olub.

AZƏRTAC xəbər verir ki, təhsil proqramı dekabrın 19-dan 21-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Layihənin təqdimatında çıxış edən Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanov vurğulayıb ki, təşkilatçılar üç gün ərzində keçiriləcək kursa sığmayan proqramı imkan daxilində və bütünlüklə həyata keçirməyə çalışacaqlar. “Bu məşğələlərdə təkcə Rusiya deyil, dünya teatrlarının bütün fənləri və qabaqcıl təcrübələri təqdim olunacaq. Sankt-Peterburq Dövlət Universitetinin və Rusiya Dövlət İncəsənət İnstitutunun professorları və artistləri öz biliklərini, təcrübələrini və emosiyalarını sizinlə bölüşmək üçün buraya gəliblər, çünki bizim dostlarımız ilə paylaşacaq çoxlu ideyalarımız var. Ümidvaram ki, MDB İcraiyyə Komitəsinin dəstəyi ilə ilk dəfə analoji formatda keçirilən Aleksandrinski Teatr Məktəbi sizlər üçün Azərbaycanda, Bakıda yeni layihələrin həyata keçirilməsinə kömək edəcək yaxşı təəssüratlar yaradacaq”, - deyə rusiyalı qonaq bildirib.

Sankt-Peterburq Dövlət Universitetinin prorektoru Anastasiya Yarmış iki teatrın tamamilə unikal formatda tədris imkanı yaratdığını qeyd edib. O diqqətə çatdırıb ki, əvvəllər teatrlarda belə layihələr həyata keçirilməyib. Prorektor deyib: “Bir mədəniyyət müəssisəsinin divarları arasında teatrı yaradanları öyrətmək Sankt-Peterburq Dövlət Universitetinin qürur hissi ilə qəbul etdiyi yüksək şərəf və çağırışdır”.

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanın 30-dan çox mədəniyyət və incəsənət xadimlərini birləşdirən “Müasir milli teatrda idarəetmənin əsasları” kursu da təşkil olunub. Müəllimlər teatr layihələrinin idarə edilməsi və teatrşünaslıq sahəsində aparıcı rusiyalı ekspertlər olacaq. Bununla paralel olaraq, Aleksandrinski Teatrı və Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun birgə proqramına daxil olan Azərbaycan Respublikasının incəsənət xadimləri üçün “Müasir kontekstdə aktyorluq” adlı intensiv maarifləndirici kurs da keçiriləcək.

Layihə MDB-nin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakıdakı Rus evinin dəstəyi ilə həyata keçirilir.

Baxış sayı: 168