XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Mərakeşdə Beynəlxalq Poeziya Festivalında təmsil olunub
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2024 09:10

Mərakeşin Mədəniyyət Nazirliyi və Mərakeş Poeziya Evinin təşkilatçılığı ilə ərəb dünyasının tanınmış şairləri, eləcə də dünyanın bir sıra ölkələrindən tanınmış söz adamlarının iştirakı ilə Beynəlxalq Poeziya Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi “Söz” və “İgidlərin sözü” layihələrinin yaradıcısı Nigar Həsənzadə təmsil edib. Nigar Həsənzadənin şeirləri ərəb dilində festival antologiyasına daxil edilib. Ərəb dilinə tərcüməni məşhur şair-tərcüməçi, professor Moncif Zouitni həyata keçirib.

Şair Nigar Həsənzadə bildirib ki, festivalın proqramı və iştirakçıları Mərakeşin sehrli ab-havasına uyğun gəlirdi. Orada təsəvvüfün mistisizmi ilə sıx qarışmış müasir poeziya sanki bütün dinləyiciləri və festival gecələrinin iştirakçılarını hipnotik transa salırdı. Festivalın keçiriləcəyi yer kimi Mərakeşin ən məşhur və qiymətli tarixi yerləri - qədim Bahia Sarayı və El Badi Sarayı seçilmişdi.

O qeyd edib ki, altı gün davam edən festivalın bağlanış mərasimi açıq havada ərəb dünyasının möcüzəsi - Qəsr əl-Badi sarayında Marakeşin əsas görməli yerlərindən birində təşkil olunub.

“Ərəb dünyasının poeziyası dünya poeziyasının xəzinəsidir. Şərqin görkəmli şairləri arasında çıxış etmək şərəfli idi. Əsərlərimin ərəb dilinə tərcüməsi və nəşri ilə bağlı təkliflər almışam, buna görə də səmimi minnətdarlığımı bildirirəm”,-deyə şair bildirib.

Baxış sayı: 85