XƏBƏRLƏR
MƏLUMAT
Almaniyada Azərbaycanın mədəni irsinin təbliğinə həsr edilmiş “Multikultural nostalji axşamı” adlı konsert təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
07/04/2025 09:40

Almaniyanın Münxenqladbax şəhərində Azərbaycanın mədəni irsinin və multikultural dəyərlərinin beynəlxalq miqyasda təbliğinə həsr edilmiş konsert olub.

AZƏRTAC xəbər verir ki, “Multikultural nostalji axşamı” adlı konsertin bədii rəhbəri və təşəbbüskarı tanınmış vokal ifaçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 2005-ci ildə Muğam müsabiqəsinin laureatı Vüsalə Cabirdir. Hazırda Almaniyada yaşayan və yaradıcılıqla məşğul olan Vüsalə Cabir həm də “Könül Dostları” mədəniyyət dərnəyində xor rəhbəri, səs müəllimi və solist kimi fəaliyyət göstərir. Onun rəhbərliyi ilə keçirilən konsert bir sıra milli və xarici musiqi nümunələrinin təqdimatı ilə yadda qalıb.

Tədbirin birinci hissəsi dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-Hicran” xor səhnəsi ilə açılıb. Sonra Qulu Əsgərovun “Gəlmədin yar” romansı, “Bu qala daşlı qala” xalq mahnısı və müxtəlif türk xalq musiqiləri “Könül Dostları”nın xoru tərəfindən ifa olunub. Bütün əsərlər Vüsalə Cabirin bədii rəhbərliyi ilə təqdim edilib.

Konsertin növbəti hissəsində Vüsalə Cabir, pianoçu Səbinə Məmmədovanın və “Qala” qrupunun müşayiəti ilə Fikrət Əmirov, Səid Rüstəmov, alman bəstəkar Teo Makeben və italiyalı bəstəkar Vinçenzo Di Kiaranın əsərlərini səsləndirib. Müxtəlif dillərdə və janrlarda təqdim edilən musiqi nömrələri auditoriya tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Azərbaycan və türk musiqilərinə göstərilən maraq tədbirin əsas bədii xəttini təşkil edib.

Konserti Almaniya, Fransa və Niderlandda yaşayan diaspor nümayəndələri, həmçinin müxtəlif millətlərin təmsilçiləri izləyiblər.

Tədbir çərçivəsində çıxış edən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva Vüsalə Cabirin Avropada Azərbaycan musiqisinin təbliğində göstərdiyi xidmətlərindən bəhs edərək, ona Fəxri fərman təqdim edib.

Konsertin əsas məqsədi müxtəlif xalqları musiqi vasitəsilə bir araya gətirmək, Azərbaycan musiqisini beynəlxalq səviyyədə tanıtmaq və sevdirmək olub.

Qeyd edək ki, “Multikultural nostalji axşamı” layihəsi artıq bir neçə ildir Vüsalə Cabirin təşəbbüsü ilə həyata keçirilir və bu il də yüksək peşəkarlıqla reallaşdırılıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

Baxış sayı: 52