XƏBƏRLƏR
MƏLUMAT
21 Fevral - Beynəlxalq Ana Dili Günü haqqında məlumat təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
21/02/2022 10:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin 7 nömrəli filialı 21 Fevral - Beynəlxalq Ana Dili Günü məlumat təqdim edib.

Materialda qeyd edilib ki, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Beynəlxalq Ana Dili Gününün tarixi 1952-ci ildə banqladeşli tələbələrin şərqi Pakistanda öz ana dilinin rəsmi dil olması uğrunda mübarizəsi ilə bağlıdır. 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbə həlak olub. Banqladeş nümayəndələri fevralın 21-ni həmin gənclərin xatirəsinə ehtiram əlaməti kimi ana dili günü adlandırılması üçün UNESCO-ya müraciət ediblər. 1999-cu ilin noyabrında UNESCO Baş Konfransının 30-cu sessiyasında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə tövsiyə olunub ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər keçirilsin.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. 

Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıdıb, şöhrətləndirib.

Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır.

Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.

Mövzu ilə əlaqədar videoçarxa aşağıdakı keçidə daxil olaraq baxa bilərsiniz:

https://www.instagram.com/tv/CaO87-cAJL2/?utm_medium=share_sheet 

Baxış sayı: 1967