XƏBƏRLƏR
MƏLUMAT
21 Fevral - Beynəlxalq Ana Dili Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
21/02/2023 00:13

Dil yalnız ünsiyyət yaratmır, mədəniyyətləri, xasiyyətləri, tarixi, insani keyfiyyətləri və soy-kökü təyin edir.

UNESCO 1999-cu il fevralın 21-ni Beynəlxalq Ana Dili Günü kimi təsis edib. Bu günün qeyd olunmasında məqsəd ana dilinin təbliği, inkişafı və öyrənilməsinin bütün formalarını müdafiə etməkdən ibarətdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Hər millətin özünəməxsus ana dili onun mənəvi diriliyidir. Əbəs yerə deyilmir ki, bir millətin malını, dövlətini və hətta vətənini işğal etsən, ölüb-itməz, amma dilini alsan, məhv olar və ondan nişan qalmaz. Ana dili insan şəxsiyyətinin inkişafının əsasını təşkil edir. Yəni hər bir kəs ömrünün axırınadək dilinə arxalanır. Bu günün yaranma tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. UNESCO-nun Baş Konfransında 21 Fevral - Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Azərbaycan dili də dünyanın ən zəngin dilləri sırasındadır. Bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır və Azərbaycan dilində danışır. Ana dilimiz Altay dilləri ailəsinin türk qoluna daxildir. Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.

Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına, onun mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərdiyinə görə ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ana dilimizi qorumaq, inkişaf etdirmək hamımızın müqəddəs borcudur.

Baxış sayı: 1464