XƏBƏRLƏR
MƏLUMAT
"Şəhid Aqşin Abdullayev- Vətənin başını ucaldan oğullar" adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
01/10/2021 06:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı "Şəhid  Aqşin Abdullayev -Vətənin başını ucaldan oğullar" adlı videoçarx hazırlayıb.

Aqşin İsmayıl oğlu Abdullayev 1982-ci il oktyabrın 1-də Şəki rayonunun Kiş kəndində anadan olub. 1988-ci ildə Şəki rayonu, 4 nömrəli Kiş kənd orta məktəbinə 1-ci sinifə daxil olub. Məktəb illərindən onun arzusu hərbçi olmaq idi.

1999-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Aqşin həmin il Bakı Ali Hərbi Məktəbinə qəbul olub. 2003-cü ildə Ali Məktəbi qurtarıb və növbəti 1 ildə TTM-də (Tədris Təlim Mərkəzində) təhsil alıb.

Aqşin 2004-cü ildə ailə həyatı qurub. Onun Amin, Nərmin və Ömər adlı üç övladı var. Aqşin Abdullayev 2003-cü ildə leytenant, 2005-ci ildə baş leytenant, 2009-cu ildə kapitan və 2013-cü ildə mayor hərbi rütbələrini alıb.

2004-2017-ci illər ərzində respublikanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə əhəmiyyətli vəzifələrdə xidmət göstərib. Son vəzifəsi xidmət göstərdiyi hərbi hissənin kəşfiyyat rəisi olub. Xidmət illərində göstərdiyi şəxsi şücaətinə, nümunəvi xidmətinə görə çoxlu sayda medal və Fəxri Fərmanlarla təltif olunub.

O, həmçinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi " və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubileyi medalları ilə təltif edilib. 2016-cı ilin Aprel döyüşləri zamanı şəxsi heyətin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunub.

Mayor Aqşin Abdullayev 2017-ci il 25 fevralda, Fevral döyüşləri zamanı Xocavənd rayonunda şəhid olub. Nəşinin neytral zonadan götürülməsi üçün erməni təcavüzkarlarının ağır şərtlər irəli sürülməsinə baxmayaraq fevralın 27-də onun və özündən başqa şəhid olan daha 4 nəfərin nəşi neytral ərazidən götürülüb. Fevralın 28-i Aqşin Abdullayev Şəki rayonunun Kiş kəndində son mənzilə yola salınıb.

Videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CUdM1WSjPb8/?utm_medium=copy_link

Baxış sayı: 244