XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında- Milli Qəhrəman Tofiq Hüseynov
ÜMÜMİ XƏBƏRLƏR
19/04/2022 00:53

Tofiq Hüseynov 19 aprel 1954-cü ildə Xocalı şəhərində anadan olub. 1961-ci ildə burada birinci sinfə gedib və 1971-ci ildə orta məktəbi bitirib. Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunda mexanizasiya fakültəsini bitirdikdən sonra 1974-cü ildə hərbi xidmətə çağırılıb. 1976-cı ildə əsgəri xidmətini Qazaxıstan Respublikasının Alma-Ata şəhərində başa vurub doğma yurduna qayıdıb. Xocalı şəhər tam orta məktəbində hərbi hazırlıq müəllimi işləyib, 1991-ci ildə Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri kimi taborun komandiri təyin edilib. Tofiq rayonda "Mixaylo” ləqəbi ilə tanınıb. Meşəli kəndi uğrunda gedən döyüşdə onun taboru onlarla erməni yaraqlısını məhv etməyə müvəffəq olub. Onun səyi nəticəsində Naraguğ kəndində yerləşən və Xocalı şəhərini top atəşinə tutan top-batareya nöqtəsi susdurulub, Mehdikənd kəndinin fermasında yerləşən erməni quldurlarının “Alazan” artilleriya qurğusu məhv edilib və on erməni əsir götürülüb. Bu əməliyyata görə Tofiq Hüseynova mayor rütbəsi verilib.

1992-ci il fevral ayının 26-da döyüş yoldaşları ilə birlikdə Xocalının müdafiəsinə qalxıb. Dinc əhalinin təhlükəsiz yerlərə köçürülməsində, düşmən hücumunun qarşısının alınmasında rəşadətlə vuruşublar. Qeyri-bərabər döyüşdə Tofiq Hüseynov son gülləsinə qədər vuruşaraq, əsir düşməmək üçün qumbaranı sinəsinə sıxıb özü ilə bərabər ona yaxın erməni yaraqlısını da məhv edib.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı Fərmanı ilə baş leytenant Hüseynov Tofiq Mirsiyab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Baxış sayı: 583