XƏBƏRLƏR
MƏLUMAT
Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/04/2024 09:26

Praqanın mərkəzində yerləşən “Divadlo D21“ teatrında “Sevginin iştahası böyükdür” (“U lyubvi appretit piranyi”) tamaşasının premyerası keçirilib.

AZƏRTAC xəbər verir ki, tamaşanın müəllifləri – Çexiyada yaşayan həmvətənimiz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Leyla Begim və ssenarist-dramaturq Yefim Abramovdur. Tamaşanın rejissoru Praqada yerləşən “Bir Şairin Teatrı”nın direktoru Oleq Ovçarovdur.

Azərbaycanın Çexiyadakı səfirliyinin, diaspor üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən premyera teatrsevərlərin böyük marağına səbəb olub.

Qeyd edək ki, Leyla Begimin ssenari müəllifi və rejissor qismində daha bir layihəsi “Olmaq, yoxsa olmaq?” qısametrajlı filmi Nyu-York – İstanbul Qısametrajlı Filmlər Beynəlxalq Festivalının qalibi olub. Praqa və Bakı şəhərlərində lentə alınmış film, həmçinin “Prague International Film Awards” və “Roma Prisma Film Awards” festivallarının final mərhələlərinə nominasiya alıb. “Prague International Film Awards” festivalının final mərhələsi aprelin 26-da keçiriləcək.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

 

 

Baxış sayı: 140