XƏBƏRLƏR
MƏLUMAT
Naxçıvanda “Səyahət edən namələr” beynəlxalq sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
24/12/2024 09:30

Naxçıvan Muxtar Respublikası Bəhruz Kəngərli adına Sərgi salonunda Naxçıvan Rəssamlar Birliyinin Rus Evi və İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə “Səyahət edən namələr” adlı beynəlxalq sərgisi açılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixdə "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması haqqında" imzaladığı Sərəncam müstəqil və qalib ölkəmizin müasir tarixində əhəmiyyətli hadisədir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq”.

Qeyd olunub ki, Prezidentin Sərəncamına əsasən ölkəmizin əksər regionlarında Naxçıvanın muxtariyyətinin 100 illiyi qeyd olunur. Rəssamlar Birliyi də artıq sayca 10-cu tədbiri keçirir. Bu sərgi də daxil olmaqla 3 beynəlxalq sərgi böyük maraq doğurub. Həmçinin, bu il "Yaşıl dünya naminə həmrəylik ili" də elan olunduğundan, bəzi sərgilər tematikaya uyğun keçirilir. Bu gün daha bir maraqlı və bu ilin sonuncu sərgisi "səyahət edən namələr" adlı gələcək nəsillərə mistik, şəkilli mesajlar sənətsevərlərə təqdim edilir. Namə – qədim məktubdur, içində keçmişdən gələcəyə ünvanlanmış sirlər, düşüncələr və mesajlar daşıyır. Dünya rəssamları və sənət adamları öz namələrini sülh, sevgi, əmin-amanlıq və dostluğun hökm sürdüyü təmiz, azad bir dünya üçün ünvanlamaq istəyirlər. Məqsəd – bu mesajları incəsənətin dili ilə dünyaya çatdırmaqdır.

Vurğulanıb ki, “səyahət edən namələr” beynəlxalq incəsənət layihəsinin Tatarıstandan olan rəssam və layihə kuratoru Alfiya İlyasova və Yakutiyadan olan rəssam Natalya Nikolayevnanın təşəbbüsü ilə həyata keçirilir. 2006-cı ildə Moskva Millətlər Evində, III Etnik Festival çərçivəsində başlayan bu layihə bir yerdən digərinə köçərək müxtəlif xalqlar arasında mədəni körpülər yaradıb və hər yerdə yeni mənalar qazanıb.

Sonra Rus Evinin rəhbəri İrek Zinnurov, Azərbaycan Respublikası Milli Məclisin deputatı Səttar Möhbalıyev, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova maraqlı sərginin təşkilinə görə təşəkkür edib, rəssamlara yaradıcılıq yollarında uğurlar arzulayıblar.

Sonra sərgi iştirakçılarına təşəkkürnamələr təqdim olunub. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbələri, Azərbaycan və Türkiyədən olan “Turan” vokal-instrumental ansamblının ifasında xalq mahnıları səslənib və sərgiyə baxış keçirilib.

Dekabrın 30-dək davam edəcək sərgidə 10 ölkədən 55 rəssamın əsərləri sərgilənir.

Baxış sayı: 901