XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı dirijor Çində Tatarıstan Teatrının tamaşalarını idarə edir
ÜMÜMİ XƏBƏRLƏR
24/12/2024 11:30

Musa Cəlil adına Tatarıstan Dövlət Opera və Balet Teatrı dekabrın 13-dən başlayaraq 2025-ci il yanvarın 1-dək Çin Xalq Respublikasında davam edən genişmiqyaslı qastrol səfərində iştirak edir.

AZƏRTAC xəbər verir ki, 110 nəfərdən ibarət böyük heyətin tərkibində teatrın balet truppası, simfonik orkestri və texniki heyəti daxildir.

Şanxayın məşhur “Oriental Art Centre”də başlayan tamaşaları idarə etmək üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dəvət olunub. Tamaşalarda məşhur balet ulduzlarının iştirakı Çində böyük əks-sədaya səbəb olub.

Tatarıstan Dövlət Opera və Balet Teatrının təqdimatında Çinin iri şəhərlərində 15 tamaşa təqdim olunacaq. Dünya balet sənətinin ən parlaq nümunələri - P.Çaykovskinin “Sonalar gölü” və “Şelkunçik” baletləri və müxtəlif instrumental nümunələri əhatə edən simfonik musiqi gecələri keçiriləcək.

Qeyd edək ki, Tatarıstan Dövlət Opera və Balet Teatrının dirijor Əyyub Quliyevlə əməkdaşlığı 2021-ci ilin mayında başlayıb. Belə ki, Rudolf Nureyev adına Beynəlxalq Balet Festivalı proqramı çərçivəsində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin yeni quruluşda premyerasında teatrın simfonik orkestri və Mariinski Teatrının balet artistləri iştirak edirdi. Həmin tamaşadan sonra azərbaycanlı dirijorun idarəsi ilə “1001 gecə” baleti Moskvanın Bolşoy Teatr, Sankt-Peterburqun Mariinski Teatr, Bolqarıstanın Sofiya Dövlət Opera Teatrı möhtəşəm ifaları ilə yadda qalıb.

Baxış sayı: 90