XƏBƏRLƏR
MƏLUMAT
Gənclər Kitabxanasında Koha sistemi ilə əlaqədar görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/12/2024 11:15

Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə əlaqədar məsələlərin müzakirəsi məqsədilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında olublar.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, qonaqlar kitabxananın ümumi iş prosesi, fondu, oxucu tərkibi, istifadəçilər üçün yaradılan şərait və onlara təqdim edilən xidmətlər haqda geniş məlumat əldə ediblər. Qeyd edilib ki, kitabxanada Koha sisteminin tətbiqinə bu ildən başlanılıb.

Kitabxananın direktoru Aslan Cəfərov qonaqlara hazırda proqramın işlədilməsi, yaranan çətinliklərin tezliklə aradan qaldırılması və qarşıda duran perspektivlər haqda danışıb.

Türkiyəli mütəxəssis Hülya Dirican qardaş ölkə Azərbaycanda səfərdə olmaqdan və ölkənin aparıcı kitabxanalarını ziyarət etməkdən böyük məmnunluq duyduğunu dilə gətirərək Türkiyədə Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi, işlənib hazırlanması, yeni-yeni modullar və funksiyalar ilə təkmilləşdirilməsi barədə məlumat verib. O, Koha proqramının dünyanın 100-dən artıq ölkəsində tətbiq edildiyini, öz bilik və təcrübələrini bölüşmək istədiklərini bildirib.

Görüşdə kitabxana əməkdaşlarının sualları cavablandırılıb, proqramın işlədilməsində yaranan çatışmazlıqların tezliklə aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.

Baxış sayı: 36