XƏBƏRLƏR
MƏLUMAT
Memar boşluğun sehrbazıdır – Əməkdar memar Rəhim Seyfullayev
ÜMÜMİ XƏBƏRLƏR
16/02/2022 00:12

Azərbaycanın nadir istedada malik, ustad memarı Rəhim Seyfullayev 16 fevral 1944-cü ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik İnstitutunda memarlıq təhsili alıb. 1970-ci illərdə Norilsk şəhərinə köçüb və 10 il orada həyat yoldaşı (Nailə Seyfullayeva) ilə birgə memarlıq və interyer sahəsində fəaliyyət göstərib. SSRİ Memarlar İttifaqının və SSRİ Rəssamlar İttifaqının üzvü olub. 1982-ci ildə Vətənə qayıdan memar Bakının Baş rəssamı vəzifəsinə dəvət olunub. 1999-cü ildə R.Seyfullayev Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu seçilib. 2002-ci ildə isə "Azərbaycanın Əməkdar memarı" fəxri adına layiq görülüb, 2014-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

Memarın ən böyük işlərindən biri Bakıda Fəvvarələr meydanı layihəsidir. Ötən əsrin 80-cı illərini əhatə edən dövrdə Bakının piyada zolağının işlənib hazırlanması, güclü bədii gözəlliyə malik mərkəzin yaradılması, insanların ünsiyyət mühitinin formalaşması uğrunda böyük işlər görülüb. Memar meydanın tərtibatında axışqanlığı, səmtləşməyi, ünsiyyət məkanı, məkanın oxunaqlığını və ümumiyyətlə "mühit" yaratmağa nail olub.

Memarın fikrincə, şəhərin bədii dəyəri təkcə binaların memarlığı ilə yox, həm də "yerin memarlığı" ilə də ölçülür. Bu səbəbdən meydanın terrasvari kompozisiyası, fəvvarələrin bədii gözəlliyi, meydan boyu binaların zirzəmi və birinci mərtəbələrinin interyer həlləri özünəməxsus işlənib.

Memar daim düşünüb ki, piyadaları sevmək gərəkdir. Bunun üçün onlara ən rahat və bədii estetik tələbatlarını ödəyəcək piyada zolağı yaratmaq lazımdır. Memar dövrünə görə çox çətinliklərlə rastlaşsa da istəyini (qismən olsa belə) yarada bilib. Təbii ki, dövrünə görə imkanların zəif olması və qarşıya qoyulan maneələri aşmaq hər yaradıcı insana nəsib olmayan Tanrı vergisidir. Təəssüf ki, meydanın yenidənqurulmasında memarla heç bir məsləhətləşmə olmayıb və elə buna görə də meydan indiki halı ilə əvvəlki yaradıcı müdrikliyini özündə daşımır.

Memarın göz oxşayan layihələrindən biri də 1986-cı ildə inşa edilmiş Gənc Tamaşaçılar Teatrıdır. Binanın yerində köhnə, olduqca kiçik teatr binası yerləşdiyinə görə layihəni yenidənqurma kimi adlandırmaq olar. Lakin tamamilə dəyişdirilmiş bina sıfırdan qurulmuş layihəni xatırladır. Həmin dövrdə layihənin təsdiqi Moskvadan alındığından, bina bərpa işi kimi təqdim edilib. R.Seyfullayev bu layihəni memar Sənan Salamzadə ilə birgə layihələndirib. Əvvəlki teatrın çox kiçik olmasına görə binanı pasaj kimi önə çıxarmaq həm daxili məkanın genişlənməsinə həm də maraqlı piyada yolunun təşkilinə imkan yaradır. Bina postmodern üslubundadır. Ağır sütunlarla yerə oturmuş bina şüşəli fasadı ilə xüsusi zərifliyə malikdir.

Xoşbəxtlikdən Gənc Tamaşaçılar Teatrının yenidənqurma layihəsini 25 ildən sonra yenidən R.Seyfullayev və S.Salamzadəyə həvalə edilir. Yenidənqurmadan sonra teatrın sonuncu mərtəbəsində müasir restoranın yaradılması və interyerinin tam yenilənmiş bədii obrazı ustalıqla layihələndirilib. Hazırki bina öz görünüşü ilə şəhərə xüsusi sərinlik, dinamiklik və gözəllik qatır.

Memar Bakı "Nikah sarayı", çoxsaylı ofis binaları, mehmanxana və yaşayış komplekslərini layihələndirib. Milli xüsusiyyətlərlə müasir meyllərin landşafta uyğun seçimi və nizamı ilə fərqlənən bu əsərlər XX və XXI əsr Azərbaycan memarlığında özünəməxsus yer tutan nümunələrdir.

Rəhim Seyfullayevin interyer layihələri də diqqəti cəlb edir. Memarın fikrincə, interyer layihələndirərkən 5 vacib şərti nəzərə almaq lazımdır. 1 – Mənzilin məkan həllinin baxımlılığı, 2 – Yekcins və düzgün tapılmış üslub xüsusiyyətləri, 3 – İşıq və rəng çalarlarından maksimum istifadə olunması, 4 – Düzgün seçilmiş tərtibat materialları, 5 – Üsluba uyğun mebel, işıq və s. aksesuarların seçilməsi.

Memar interyer layihələrini əsasən öz həyat yoldaşı Nailə xanımla birgə işləyib. Bir çox interyerləri də gözəl rəssam – Nailə Seyfullayevanın əl işləri bəzəyir.

Bir də sifarişçinin arzu və istəkləri mütləq nəzərə alınmalıdır. Seyfullayevin fikrincə yaşayış üçün nəzərdə tutulan məkanın layihəsi, ilk növbədə, insan – onun vərdiş və istəkləri, fərdi rahatlıq anlayışı nəzərə alınmaqla işlənməlidir. Memarın heç vaxt özünün düşündüyü və bildiyi həyat tərzini kiməsə zorla qəbul etdirmək hüququ yoxdur.

Memarın fikrincə…

– Memarlıq yüksəldən, endirən, coşduran, süstləşdirən, qızdıran və üşüdəndir, nəvazişli və iyrəncdir.

– Memar boşluğun sehrbazıdır.

– Memarın başlıca ifadə vasitələri – Forma, işıq, rəng, material və onun fakturasıdır. Təkcə forma obrazı müəyyənləşdirmir, digər ünsürlərlə birlikdə forma özünü göstərir.

– Tikinti materialları cansızdır. Yalnız memar onu canlandırmaq qabiliyyətinə mlikdir.

– Memar interyeri işləyə bilmirsə, o həcmli əsərlər yarada bilməz.

– İnteryer yekcins, geniş, xeyli mürəkkəb və süzülən olmalıdır.

– Memarlıqda başlıca şey nə etdiyini anlamaqdır.

Baxış sayı: 864