XƏBƏRLƏR
MƏLUMAT
IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vurulub
ÜMÜMİ XƏBƏRLƏR
26/08/2025 09:35

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən IX “Muğam” Televiziya Müsabiqəsinə avqustun 25-də Laçında yekun vurulub.

Üç aya yaxın davam edən müsabiqənin finalı Laçın şəhərindəki seyrangahda, əsrarəngiz təbiət qoynunda gerçəkləşib.

Xatırladaq ki, mayın 13-də başlanan müsabiqədə iki qrup üzrə (8-15 yaş və 16-30 yaş) ümumilikdə 30 ifaçı iştirak edib.

Müsabiqənin son mərhələsində gənc xanəndələr Rəis Niftəliyev, Kənan Novruzov, Nərmin Mirzəyeva, Əli Rəşidi, Aycan Şükürlü, Yusif Cəfərbəyli və Aytac Bəybalayeva, eləcə də azyaşlı ifaçılar Əhəd Ağayev, Kənan Tağızadə, Yusif Mustafayev, Mətləb Əhmədzadə və Murad Nəbizadənin çıxışları dinlənilib.

Müsabiqəyə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi münsiflik edib.

Münsiflər heyətinin məşvərətindən sonra qaliblərin adları elan olunub.

Yeniyetmə ifaçılar arasında birinci yerə Əhəd Ağayev, ikinci yerə Murad Nəbizadə, üçüncü yerə isə Kənan Tağızadə layiq görülüb.

Gənc xanəndələr arasında isə birinci yeri Aytac Bəybalayeva, ikinci yeri Nərmin Mirzəyeva və üçüncü yeri Rəis Niftəliyev tutub.

Hər iki yaş qrupu üzrə ilk üç yerin sahiblərinə Heydər Əliyev Fondunun mükafatları və diplomlar təqdim olunub.

Müsabiqənin digər iştirakçılarına da diplomlar verilib.

Tamaşaçılar Əməkdar artist Ehtiram Hüseynovun ifasını dinləyiblər.

Sonra qaliblərin ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.

Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfədir.

Baxış sayı: 34