XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı uşaqlar beynəlxalq incəsənət festivalından qələbə ilə qayıdıblar
ÜMÜMİ XƏBƏRLƏR
20/08/2025 12:30

14–18 avqust tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən “Önerli Ören” Beynəlxalq Uşaq İncəsənət Festivalında Azərbaycan təmsilçiləri böyük uğura imza atıblar.

“Aktau – 2025 Türk Dünyası Mədəniyyət Paytaxtı” layihəsi çərçivəsində Abay Mədəniyyət və İstirahət Kompleksində təşkil olunan festivalda Azərbaycanlı gənc rəssamlar 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüblər.

Eyni zamanda, ölkəmizi təmsil edən “Səma” rəqs qrupu rəqs nominasiyasında 2-ci yerin sahibi olub və peşəkar çıxışı ilə beynəlxalq münsiflər heyətinin rəğbətini qazanıb.

Festivalın ən nüfuzlu nominasiyalarından biri olan instrumental ifaçılıq kateqoriyasında isə Azərbaycanı təmsil edən Bakı şəhər Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Ziya Hummətli, tar alətindəki möhtəşəm ifasına görə Qran Pri mükafatına layiq görülüb. Bu qalibiyyət Azərbaycan milli musiqisinin incəliklərinin beynəlxalq səviyyədə təqdir olunmasının göstəricisidir.

Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Tuva və Krım daxil olmaqla Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş onlarla gənc iştirakçı çıxış edib.

Azərbaycanlı uşaqlar “Önerli Ören” festivalından zəngin təəssüratlarla və parlaq uğurlarla geri dönərək ölkəmizi layiqincə təmsil ediblər.

Baxış sayı: 30