XƏBƏRLƏR
MƏLUMAT
Bu gün maestro Niyazinin anadan olmasının 113 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
20/08/2025 09:27

Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu (Maestro Niyazi) 1912-ci il avqustun 20-də böyük musiqiçimiz Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlib. Niyazinin yeniyetməlik illəri Azərbaycanın səfalı guşələrindən olan Şuşada keçib. Uşaqlıq illərindən Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi Azərbaycan incəsənətinin yaradıcıları arasında böyüyüb, onlardan çox mətləblər əxz edib.

İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinfində alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəylinin tövsiyəsi ilə təhsilini Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinfində davam etdirib. Q.Popov, P.Ryazanov, L.Rudolf, S.Ştrasserin bəstəkarlıq məşğələlərində də iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-1935-ci illərdə başlayıb. Bu sahədə xüsusi təhsili olmayan gənc bəstəkar ilk illər Neftçilər İttifaqı Dram Teatrının, Radio Komitəsinin orkestrində çalışmağa başlayıb. 1935-1937-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinə rəhbərlik edən Niyazi 26 yaşında artıq adını keçmiş SSRİ məkanında məşhur insanların siyahısına daxil edə bilib.

1937-ci ildə Opera və Balet Teatrında dirijorluq vəzifəsinə dəvət olunan maestro 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin “Nərgiz” operasına dirijorluq edib. 1938-ci ildə Azərbaycan İncəsənətinin birinci Moskva dekadasından sonra Niyazi simfonik orkestrin baş dirijoru və bədii rəhbəri təyin olunub.

1948-ci ildən həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri olan sənətkarın yaradıcılığı ölkəmizin baş orkestrinin tarixində şanlı mərhələdir. Niyazinin rəhbərliyi ilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə qalxmış, neçə-neçə musiqiçilər nəslini yetişdirən əsl sənət məktəbi olub. Neçə-neçə musiqiçi Niyazini özünün ustadı və himayədarı hesab edir, onun adını milli musiqi sənətində “qızıl mərhələ”nin simvolu kimi xatırlayırlar.

O, daha çox dirijor pultu arxasında dursa da, bəstəkarlıq fəaliyyətini də unutmayıb.1930-cu illərin əvvəllərində ilk əsəri olan “Od içində” fortepiano poemasını, daha sonra “Talış xalq mahnıları” mövzusunda fortepiano pyeslərini, Azərbaycanın ilk simfonik əsərlərindən olan “Zaqatala süitası”nı yazıb. Korifey sənətkar Azərbaycan mahnılarından “Kəklik”, “Qaragilə”, “Xumar oldum”, “Ay bəri bax” və digər simfonik orkestr üçün işləmiş, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota köçürüb.

Azərbaycan kinosu səsli filmlərə keçid aldığı dövrlərdə Niyazi bu sahəyə də öz töhfəsini verə bilib. O, bir sıra film və teatr tamaşaları üçün musiqi bəstələyib. Bunların arasında “Kəndlilər”, “Mənsur”, “Ceyhun və Ülkər” filmlərinin adını qeyd etmək olar. O, “Almaz” filminin musiqisini atası Zülfüqar Hacıbəyovla birgə işləyərək 40-cı illərdə Süleyman Rüstəmin “Təbrizim” şeirinə mahnı bəstələyib. Az sonra isə ilk dəfə “Xosrov və Şirin” operasını yazıb.

Dirijorluq fəaliyyəti Niyaziyə elə gənc yaşlarından şöhrət gətirməyə başlayıb. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanan maestro 1949-cu ildə ən məşhur əsərini - “Rast” simfonik muğamını nota alıb. İlk dəfə xarici ölkəyə 1951-ci ildə “Praqa baharı” festivalında iştirak etmək məqsədilə gedən Niyazi ömrünün sonunadək 23 ölkədə qastrol səfərində olub.

1961-ci ildə Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunan Niyazinin SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etməyi o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verib. O, burada A.Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlamaqla yanaşı, P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin “Daş çiçək” baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanıb.

Onun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. Maestro ən yüksək mükafatlara layiq görülüb. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüş, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib. Bu gün Niyazinin adı dünyaşöhrətli dirijorlarla, bəstəkarlarla qoşa çəkilir.

Baxış sayı: 30