XƏBƏRLƏR
MƏLUMAT
Şimali Makedoniyada gənc şair Fərid Hüseynin kitabının təqdimatı olub
ÜMÜMİ XƏBƏRLƏR
18/08/2025 14:16

Tanınmış gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn Şimali Makedoniyada keçirilən Veleostova Poeziya Festivalında Azərbaycanı təmsil edib. Şairin Şimali Makedoniyada nəşr olunan “Yuxu kimi” (“Kako coн”) adlı şeirlər kitabının da festival günlərində təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabın təqdimatı Şimali Makedoniyanın Ohrid şəhərinin “Shilla” Mərkəzində təşkil edilib.

Təqdimatda Makedoniyanın tanınmış ziyalıları, qələm adamları, oxucular, o cümlədən dünyanın müxtəlif ölkələrindən Velestova Poeziya Festivalına qatılan şairlər iştirak ediblər.

Tədbirin aparıcısı və kitabın tərcüməçisi, tanınmış şairə Juliana Veliçkovskaya qonaqları salamlayandan sonra gənc şairin yaradıcılığı haqqında söhbət açaraq deyib: “Fərid Hüseyn poeziyası insanın yaşadığı şəxsi hadisələri zamanın böyük olayları ilə vəhdətdə əks etdirir. O, sadə və aydın yazır. Şeirlərində oxucuların yaddaşına həkk olunan orijinal təsvirlər yaradır. Onun rəngarəng poeziyasının mövzularının sərhədi sevdiyi insana, Vətənə olan məhəbbətə, yaxud o duyğuları bizdə formalaşdırmış ədəbi və tarixi şəxsiyyətlərə qarşı heyranlığa qədər uzanır. O, həmçinin şeirlərində şəxsi itki, intizar və özünüaxtarış məsələlərindən bəhs edir, insanın mahiyyətcə hara və nəyə mənsub olması sualını qaldırır, bununla yanaşı yaşadığımız reallıqlara şahid nəzərləri ilə poetik münasibət bildirir”.

Tədbirdə Fərid Hüseyn şeirlərini oxuyub və kitabı haqqında ona ünvanlanan sualları cavablandırıb.

Eyni zamanda, ədəbi gecədə mekedoniyalı tanınmış qiraətçilər gənc şairin şeirlərini səsləndiriblər.

Şimali Makedoniyanın “ПНВ Публикации” nəşriyyatında çap olunan kitaba F.Hüseynin 30 şeiri daxil edilib.

Qeyd edək ki, Fərid Hüseynlə yanaşı, bu nüfuzlu beynəlxalq festivala İrlandiyadan Roşin Kelli, Xorvatiyadan Miroslav Kirin, Reneta Jambreşin Kirin, Rumıniyadan Anisiya Angel, Bolqarıstandan Polli Mikanova, Şimali Makedoniyadan Luzim Xaziri, Andrey Əl-Əsədi, Stefan Kostoski, Mariya Anqelovska, Pavlina Atanasova, İvana Jovanovska, Maya Moysova, Emanyela Kovaçevska Kitanobska, İqor Klımovski, Stefan Mladenovski kimi tanınmış şairlər qatılıblar. Festivalın xüsusi antologiyasında, həm də ingilis və makedon dillərində yayımlanan “Qlaqoli” poeziya jurnalında şairlərin şeirləri dərc olunub.

Festival çərçivəsində Miroslav Kirinin poeziya almanaxının təqdimat mərasimi, Andrey Əl-Əsədin qiraət saatı, “İmago” və “Mosaic” adlı şeir gecələri, Stefan Mledovskinin rəsm sərgisi və İgor Klimovskinin konserti baş tutub.

Baxış sayı: 28