XƏBƏRLƏR
MƏLUMAT
İlk milli kinoaktrisa İzzət Orucovanın şərəfinə mükafat təsis edilib
ÜMÜMİ XƏBƏRLƏR
14/08/2025 10:29

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) rəsmi tərəfdaşlığı, “Azad Mirzəcanzadə inkişaf proqramı” (“Regional İnkişaf” İctimai Birliyinin layihəsi), Gənc Film İstehsalçıları Assosiasiyası və Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının dəstəyi ilə “İzzət kino mükafatı” təqdim ediləcək.

Bu barədə AKİ-dən məlumat verilib.

Mükafat AKİ-nin beynəlxalq əlaqələr-layihələr üzrə meneceri, kinorejissor Afaq Yusifli tərəfindən təsis olunub.

Azərbaycan kino tarixinə ilk milli kinoaktrisa kimi düşmüş tanınmış alim İzzət Orucovanın (1909–1983) şərəfinə adlandırılan mükafat kinoda qadınların rolunu və təmsilçiliyini artırmaq, onların yaradıcı fəaliyyətini təşviq etmək məqsədi daşıyır. 

Məlumatda o da diqqətə çatdırılır ki, Azərbaycanda kinonun zəngin tarixi olmasına baxmayaraq, bu günə qədər milli kinoda qadın müəlliflər yetərincə tanınmır, təmsil olunmur. Mükafat bu problemi gündəmə gətirir. 

Qeyd edək ki, bu layihə “Azad Mirzəcanzadə inkişaf proqramı”nın qaliblərindən biridir və yaxın həftələrdə münsiflər heyətinin tərkibi, qaliblərin seçiləcəyi nominasiyalar, mükafatlandırma mərasiminin tarixi və s. haqda ictimaiyyətə əlavə məlumat veriləcək.

 

 

Baxış sayı: 27