XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış şair Məmməd İsmayıl vəfat edib
ÜMÜMİ XƏBƏRLƏR
20/08/2025 09:23

Tanınmış şair Məmməd İsmayıl vəfat edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Məmməd İsmayıl öz vəsiyyətinə uyğun olaraq sabah doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib.

"Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, C.Cabbarlı adına Azərbaycanfilm studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini və sair vəzifələrdə çalışıb, o cümlədən 1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

14 yaşından bədii yaradıcılıqla məşğul olan Məmməd İsmayıl “Ana əlləri”, “Dünyaya baxıram”, “Axşamlar, səhərlər”, “Söz vaxtına çəkər”, “Qoymayın dünyanı adiləşməyə”, “Baxtıma düşən gün” və başqa şeir kitablarının müəllifidir.

O, həmçinin Türkiyədə pedaqoji fəaliyyət göstərib.

Məmməd İsmayıl son illərdə səhhəti ilə bağlı bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Allah rəhmət eləsin.

Baxış sayı: 36