XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
ÜMÜMİ XƏBƏRLƏR
13/08/2025 15:50

Almaniyanın Bavariya bölgəsində ənənəvi olaraq təşkil olunan möhtəşəm XXIX İmmlinq Beynəlxalq Opera Festivalının təntənəli bağlanış mərasimi keçirilib. “Grande Finale”nin başlığı ilə keçirilən opera qala-konserti İmmlinq Opera Festival orkestri və xorunun iştirakı ilə yadda qalıb. Həmin gün orkestrə müxtəlif ölkələrdən - Almaniya, Gürcüstan, Çin və Cənubi Afrikadan dirijorlar rəhbərlik edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı festivalda Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev təmsil edib.

Azərbaycanlı dirijor artıq beşinci dəfə Bavariyada Opera festivalına dəvət alır. Əvvəlki çıxışlarında Əyyub Quliyevin rəhbərliyi altında dahi Azərbaycan bəstəkarları - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və maestro Niyazinin əsərləri alman musiqiçiləri ilə bərabər böyük uğurla ifa olunub. Bu dəfə dirijorumuzla bərabər İtaliya, İspaniya, Meksika, Gürcüstan, Bolqarıstan, Livan, Çin, Misir və Latviyadan dəvət olunmuş istedadlı opera müğənnilləri rəngarəng və mürəkkəb musiqi proqramını təqdim ediblər. Dörd saata yaxın davam edən konsertdə C. Verdi, C. Puççini, P. Maskanyi, C. Rossini, J. Bize, C. Gerşvin, L. Bernstayn, F. Zuppe, F. Leqar və digər böyük bəstəkarların operalarından ariya, duetlər, səhnələr və üverturalar sürəkli alqışlarla qarşılanıb.

Konsertin son əsəri olaraq azərbaycanlı dirijor Əyyub Quliyev və gecədə iştirak edən bütün müğənnilər səhnəyə çıxaraq C. Verdinin “Traviata” operasından “Libiamo” əsərini bərabər təqdim ediblər. Festivalın rəhbəri Lüdviq Bauman və bədii rəhbəri Korneliya fon Kersenbrok dinləyicələrin adından müxtəlif ölkələrdən dəvət olunmuş ifaçılara - müğənni və dirijorlara təşəkkürlərini bildirib.

Qeyd edək ki, iyunun 21-dən başlayan festival günlərində J. Bizenin “Karmen”, V. Mosartın “Sehirli fleyta”, C. Verdinin “Taleyin gücü”, C. Puççinin “Manon Lesko” operaları təqdim olunub, “O Sole Mio”, “Concerto Aranjues” kimi yeni konsert proqramlarının premyeraları keçirilib.

Baxış sayı: 55