XƏBƏRLƏR
MƏLUMAT
General-mayor Polad Həşimovun xatirəsinə şeir həsr olunub
ÜMÜMİ XƏBƏRLƏR
17/07/2023 07:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair Gülarə Munis kitabxanaya yeni şeirini təqdim edib.

Müəllif Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun xatirəsinə “Getmə, Ata” adlı şeirini həsr edib. Şeirdə müəllif Milli Qəhrəman Polad Həşimovun övladının hissləri qələmə alınıb.

Getmə, Ata!

Bir ata köç etdi dünyadan bu gün,

Gözlər qan-yaş tökdü, baxışlar üzgün.

 

Dedilər: “Vətənə verdi canını,

Düşmənlər axıdıb nahaq qanını”.

 

Axirət evinə üz tutan, Polad,

Onu tanıtdırdı aləmə bu ad.

 

Onun tabutunu qucaqlayan qız,

İndi tənha qalıb atasız, yalqız.

 

Boylanıb məzara baxır uzaqdan,

Gözündən qanlı yaş axır uzaqdan.

 

“Getmə, Ata”, – deyib fəryad edəndə,

“Qoymaram”, – söyləyib, inad edəndə.

 

“Bizi tənha qoyub hara gedirsən?

Bəxtəvər ömrümü qara edirsən.

 

Bəs xeyir-duanı kim verər, Ata?

Övladın haqqıdır arzuya çata.

 

Necə qoyaq səni soyuq məzara?

Sonra necə dözək belə qubara?”

 

Onun naləsini eşidən zaman,

Donurdu insanın damarında qan.

 

Aybəniz inləyib, çəkdi intizar,

Davudla, Teymurun qaldı yadigar.

 

Bir evdən atanı aparsa, əcəl,

Solub arzu-dilək olacaq xəzəl.

 

O, üç övladından getdi nigaran,

Rəbbimiz onlara olsun pasiban.

 

Qəlbin fəryadını bəyan eylədi,

Munis bu şeirini ehsan eylədi.

Baxış sayı: 247