XƏBƏRLƏR
MƏLUMAT
“Əhməd Cavadın həyatı və ədəbi fəaliyyətinin Gəncə dönəmi” kitabı türk dilində nəşr olunub
ÜMÜMİ XƏBƏRLƏR
11/02/2025 15:02

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin layihəsi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzləri milli mədəniyyətimizin, ədəbiyyatımızın tanınmış simalarının əsərlərini, onların yaradıcılığına dair tədqiqatların təbliğini həyata keçirmək məqsədilə tərcümə və nəşr layihələri reallaşdırırlar.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Sahib İbrahimlinin “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” kitabı türk dilində Ankarada çapdan çıxıb. Nəşri türk dilinə Konya Selcuk Universitetinin dosenti Təranə Həşimova tərcümə edib.

Kitabda istiqlal şairi Əhməd Cavadın həyatı, ədəbi fəaliyyətinin Gəncə dövrü əksini tapıb və tanınmış şairin Türkiyə ilə bağlarından, Qafqaz-Türk İslam Ordusunun Azərbaycan xalqının azadlıq mübarizəsində dəstəyi və önəmli rolundan bəhs edilib.

Nəşrdə qeyd olunur ki, Əhməd Cavad XX əsr Gəncə ədəbi mühitinin yetişdirdiyi mühüm simalardan biridir. O, Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən və bütün qəlbi ilə doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış söz ustadıdır.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” kitabının Türkiyədə təqdimatının keçirilməsi və aparıcı kitabxanalara, elmi tədqiqat müəssisələrinə hədiyyə edilməsi nəzərdə tutulub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Baxış sayı: 26