XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Bəhram Bağırzadənin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
04/09/2023 00:23

Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olub. O, 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin institutu bitirib. İxtisası teatr rejissorudur.

1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK "Əsrin Çempionu" olub. MDB ŞHK yığmasının üzvüdür. Bağırzadənin tanınmasında müstəsna rolu məhz Şən və Hazırcavablar Klubunda yarışlarında "Bakılı Oğlanlar" komandasında çıxışları olub. 

1992-ci ildən karikatura çəkir, karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən "Qalareya" jurnalının naşiridir. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir.

O, həmçinin bir sıra filmlərdə çəkilib. Onlara misal olaraq "Hər şey yaxşılığa doğru" (film, 1997), "Yerlə göy arasında" (film, 1999), "Yuxu" (film, 2001),  "Milli bomba" (film, 2004), "Yoxlama" (film, 2006), "Bir dəfə Qafqazda" (film, 2007), "Halal pullar" (film, 2008), "Adam" (film, 2010), "Vəkil hanı" (film, 2011), "3 bacı" (bədii serial, 2012-2014), "Qorxma, mən səninləyəm! 1919" (film, 2013), "Axırıncı dayanacaq"(film, 2014), "100 kağız" (film, 2015), "Həyət" (qısametrajlı bədii film, 2015), "Ağanatiq" (film, 2017), "Bəxt üzüyü" (film, 2017), "Məhəllə 3" (film, 2019) kimi filmləri göstərmək olar.

Bəhram Bağırzadə 2012-ci ildə "Humay" milli mükafatına layiq görülüb. 14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub.

Ailəlidir. Bir qızı, bir oğlu var.

Baxış sayı: 564