XƏBƏRLƏR
MƏLUMAT
Prezident Kitabxanasında Xalq yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
07/08/2025 14:13

Prezident Kitabxanasında Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş anım həftəsi keçirilir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, həftə çərçivəsində görkəmli yazıçının həyat və yaradıcılığını əhatə edən sərgi hazırlanaraq oxucuların ixtiyarına verilib.

Elçin Əfəndiyevin əziz xatirəsinə ehtiram əlaməti olan bu sərgidə yazıçının müəllifi olduğu əsərlər, haqqında nəşr olunmuş kitablar, eləcə də onun ədəbi və ictimai fəaliyyətinə dair müxtəlif materiallar təqdim olunur.

Sərginin məqsədi yazıçının zəngin irsini yeni nəsillərə tanıtmaq, oxuculara onun ədəbiyyat və mədəniyyətimizə verdiyi töhfələri bir daha xatırlatmaqdır. Eyni zamanda, bu sərgi Elçin Əfəndiyevin çoxşaxəli yaradıcılığının əhəmiyyətini bir daha vurğulayır.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dövlət xadimi Elçin Əfəndiyevin vəfatı ədəbi ictimaiyyətə və bütün xalqımıza dərin kədər yaşatdı. Onun zəngin yaradıcılığı, milli-mənəvi dəyərlərə sadiqliyi və çoxşaxəli fəaliyyəti Azərbaycan mədəniyyəti üçün böyük irsdir. Ədəbiyyatımızın daha da zənginləşməsində böyük xidmətləri olan yazıçı uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlayıb. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olub.

Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.

Baxış sayı: 33