XƏBƏRLƏR
MƏLUMAT
12 avqust - Beynəlxalq Gənclər Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
12/08/2025 09:30

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Gənclər üzrə Dünya Nazirlər Konfransının tövsiyələrini təsdiq edən 17 dekabr 1999-cu il tarixli qətnaməsinə uyğun olaraq avqustun 12-si Beynəlxalq Gənclər Günü elan edilib. Həmin vaxtdan etibarən hər il gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənc nəslin iştirakına təkan vermək məqsədilə tədbirlər təşkil olunur.

BMT qeyd edir ki, rəqəmsal inklüzivliyin yaxşılaşması fonunda gənclər dəyişikliyə təkan vermək və yeni həllər yaratmaq üçün innovasiyalardan istifadə edərək təşəbbüslər irəli sürürlər. Dayanıqlı İnkişaf Məqsədləri üzrə yekun 2030-cu il yaxınlaşdıqca, qlobal problemlərin həlli üçün rəqəmsal innovasiyalarda gənclərin rolu daha da artır.

Təşkilat diqqətə çatdırır ki, Beynəlxalq Gənclər Gününün qeyd edilməsi gənclərin istedadlarını və dünyanın gələcəyini formalaşdırmaq potensialını üzə çıxarmağa imkan verir.

Qeyd edək ki, BMT-nin qətnaməsindən əvvəl, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü təsis edilib. Bu, dövlətimizin gənc nəslin inkişafına göstərdiyi diqqət və qayğının təzahürüdür. Eyni zamanda, Ulu Öndər gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib.

Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.

Baxış sayı: 31