XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” rubrikasında Azərbaycanın Milli Qəhrəmanı Namiq Allahverdiyev
ÜMÜMİ XƏBƏRLƏR
05/10/2020 05:40

Allahverdiyev Namiq Müslüm oğlu 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olub. 1984-cü ildə Beyləqan şəhərindəki 1 saylı orta məktəbi bitirdikdən sonar fotoqraf kimi əmək fəaliyyətinə başlayıb. 1985-ci ildə hərbi xidmətə çağırılıb. 1987-ci ildə xidmətini Moskva şəhəri ətrafında başa vuraraq, ata yurduna dönüb.

1988-ci il... Qarabağ münaqişəsi... Bu, Namiqə gecə-gündüz rahatlıq verməyib. Münaqişə isə getdikcə dərinləşib, əsl müharibəyə çevrilib. Ayrı-ayrı bölgələrdə yerli əhali könüllü müdafiə dəstələri yaradaraq, torpaqların müdafiəsinə qalxıb. Könüllü müdafiə dəstəsinə ilk yazılanlardan biri də Namiq olub. O, şərəfli döyüş yolunu 1990-cı ildə Qubadlı rayonunun Əliquluuşağı kəndindən başlayıb. N.Allahverdiyev neçə-neçə səngər yoldaşını itirsə də, heç vaxt ruhdan düşmür, hər yerdə azğın düşmənə layiqli cavab verməyə çalışıb. O, 1991-ci il avqustun 31-dən Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə daxil olub və yenidən döyüş meydanına atılıb, Şuşanın müdafiəsində fəal iştirak edib. Cəsur əsgər Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlər də fədakarlıqla vuruşmaqla yanaşı, neçə-neçə girovun geri qaytarılmasında da yaxından iştirak edib.

Onun axırıncı döyüşü Tərtər rayonunda olub... Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı parlaq qələbələr düşməni pərən-pərən salıb. Marquşevan, Həsənqaya, Malalan, Birinci və İkinci Çaylı kəndləri artıq düşmən tapdağından azad edilib. 9 iyul 1992-ci ildə erməni yaraqlıları Cəmilli yüksəkliyinə hücum ediblər. Namiq düşməni qabaqlamaq üçün döyüşçü yoldaşları ilə birlikdə yüksəkliyə qalxıb mövqe tutub. Elə bu vaxt güclü partlayış eşidilib. Tankdan atılan mərmi Namiqin həyatına son qoyub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli 264 saylı Fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

Beyləqan şəhərindəki 1 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Rayon mərkəzində büstü qoyulub.

Baxış sayı: 211