XƏBƏRLƏR
MƏLUMAT
Özbəkistan Mədəniyyət Günləri çərçivəsində konsert proqramı təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
17/12/2025 15:52

Dekabrın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Özbəkistan Respublikasının Mədəniyyət Günləri çərçivəsində konsert proqramı keçirilib. Tədbir Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin inkişafı, qarşılıqlı yaradıcılıq əməkdaşlığının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edib.

Konsert proqramı Özbəkistan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olunub. Kollektivin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının “Dostluq” ordeninin sahibi, Özbəkistan Respublikasının Xalq artisti Kamoliddin Urinbayev gecəni yüksək peşəkarlıqla idarə edib.

Konsert M.Hacıyevin “Bayram uvertürası” ilə açılıb. Əsərin dinamik musiqi dili və bayram ovqatı zalda xüsusi əhval-ruhiyyə yaradaraq dinləyicilərin diqqətini ilk dəqiqələrdən cəlb edib.

Proqramın davamında Əməkdar artist Sahib Paşazadənin (tar) iştirakı ilə H.Xanməmmədovun tar və orkestr üçün 2 nömrəli Konsertinin II və III hissələri səsləndirilib. Solist və orkestrin yüksək texniki ustalıq və emosional dolğunluqla təqdim etdiyi ifa dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Daha sonra Xalq artisti Yeganə Axundovanın (piano) solist qismində iştirakı ilə F.Əmirov və E.Nəzirovanın piano və orkestr üçün “Ərəb mövzularına Konsert”inin Final hissəsi ifa olunub. Əsərin melodik zənginliyi və virtuoz piano partiyası konsert proqramına xüsusi rəng qatıb.

Konsert proqramı dünya simfonik musiqi irsinin görkəmli nümunələrindən biri — N.Rimski-Korsakovun “Şəhrizad” simfonik süitası, op.35 (dörd hissədə) ilə yekunlaşıb. Şərq nağıllarının poetik obrazlarını əks etdirən əsər orkestrin dəqiq, şəffaf və zəngin tembrli ifasında səsləndirilib.

Qeyd edək ki, gecə boyu orkestrin yüksək peşəkarlıq səviyyəsi, intonasiya dəqiqliyi və bədii bütövlüyü musiqisevərlərdə dərin təəssürat yaradıb. Konsert Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin genişlənməsinə, dostluq münasibətlərinin möhkəmlənməsinə və gələcək yaradıcılıq əməkdaşlığı üçün əlverişli zəminin formalaşmasına xidmət edib.

Baxış sayı: 26