XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət Nazirliyi “MilliNet 2025” müsabiqəsinin qalibləri sırasında yer alıb
ÜMÜMİ XƏBƏRLƏR
16/12/2025 15:57

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “MyCulture” Vahid Şəxsi Kabineti (https://my.culture.az ) “MilliNet 2025” milli internet müsabiqəsinin “İlin rəqəmsal mədəniyyət və turizm həlli” nominasiyası üzrə qalibi seçilib.

Mədəniyyət sahəsinin rəqəmsallaşdırılması Nazirliyin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Bu istiqamətdə “e-Culture” rəqəmsal inkişaf strategiyası (2024–2026) çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində mədəniyyət ekosisteminin müxtəlif klasterlərində rəqəmsal həllərin tətbiqi genişləndirilir.

Bu kontekstdə “MyCulture” vahid şəxsi kabineti xüsusi strateji əhəmiyyət daşıyır. “Giriş səhifəsi” (Landing Page) və “Kabinet” bölmələrindən ibarət olan platforma mədəniyyət sahəsində rəqəmsal transformasiyanın bünövrəsini formalaşdırır.

Son iki il ərzində ölkədə mədəniyyət sahəsində ilk dəfə olaraq incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu və yerləşdirilməsi, habelə müsabiqələrə, qrant və təqaüd proqramlarına, attestasiya və işə qəbul proseslərinə müraciətlərin, sənədlərin qəbulu, yoxlanılması və idarə edilməsi kütləvi şəkildə (2025-ci il üzrə unikal giriş sayı təxminən 125000 nəfər) “MyCulture” platforması üzərindən həyata keçirilib.

Platforma ölkə üzrə vahid giriş sistemi olan DigitalLogin (MyGovİD) ilə inteqrasiya edilib, bütün mövcud “login” vasitələri ilə giriş imkanı yaradılıb. Eyni zamanda, müvafiq dövlət strukturları tərəfindən kibertəhlükəsizlik auditlərindən uğurla keçərək, zəruri təhlükəsizlik sertifikatları və protokolları tətbiq olunub. Müasir texnologiyalara əsaslanan innovativ kod strukturu ilə seçilən sistem “Hökumət Buludu” (g-Cloud) infrastrukturuna miqrasiya edilib və yüksək dayanıqlıqla fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis olunan “MilliNet” müsabiqəsi ölkənin ən nüfuzlu peşəkar texnologiya mükafatlarından biri hesab olunur. Müsabiqə hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və digər sahələrdə fəaliyyət göstərən milli rəqəmsal həllər və internet resursları arasında keçirilir.

Cari ildə müsabiqəyə 13 nominasiya üzrə 179 rəqəmsal resurs təqdim edilib. 15 nəfərdən ibarət Ekspert Komissiyası tərəfindən faydalılıq, innovativlik, kütləvilik, funksionallıq, dayanıqlıq və digər meyarlar üzrə iki mərhələdə aparılan qiymətləndirmə nəticəsində qaliblər müəyyənləşdirilib.

Baxış sayı: 19