XƏBƏRLƏR
MƏLUMAT
Ədəbiyyat dünyasının ən məşhur və təsirli incilərindən biri - Marqaret Mitçell
ÜMÜMİ XƏBƏRLƏR
16/08/2021 05:44

Amerikalı yazıçı Marqaret Mitçell 1900-cü ildə ABŞ-ın Atlanta şəhərində doğulub. Marqaret Mitçellin tərcümeyi-halı yazdığı “Küləklə sovrulanlar”romanının əsas qəhrəmanı olan Skarlett Oharanın həyatına bənzəyir. Yazıçının ata tərəfi irland, ana tərəfi isə fransızdır. Babaları ABŞ Vətəndaş müharibəsindəiştirak ediblər.

Romanda təsvir olunan hadisələr də elə Vətəndaş müharibəsi fonunda cərəyan edir. Gələcək yazıçı varlı zadəgan ailəsində böyüyüb, tərbiyə alıb. Uşaqlıq illərində o, anasının təkidi ilə dünya ədəbiyyatının qızıl fonduna daxil olmuş əsərləri mütaliə edib, amma, zamanında çox dəbdə olan ucuz, bayağı məhəbbət romanlarını da acgözlüklə oxuyub.

On doqquz yaşlı gənc qız Northemptonun kollecində təhsil alıb. Anasının ölümündən sonra, təhsilini yarımçıq qoyub doğma Atlanta şəhərinə, Şaftalı küçəsindəki böyük malikanəyə - ata ocağına dönüb. Gözəl, ağıllı və zəngin zadəgan qızın pərəstişkarları günü-gündən çoxalıb. O, qəhrəmanı Skarlett Ohara kimi saysız-hesabsız pərəstişkarlarının, heyranlarının əhatəsində əsl kübar həyatı yaşayıb. Deyilənlərə, yazılanlara inansaq, Marqaret qırxa yaxın gənc atlantalıdan evlənmək təklifi alıb. O, ucaboylu, yaraşıqlı, sarışın saçlı gənci-Red Apşounu seçib. Amma, bu nikah xoşbəxt ailə sonluğu ilə bitməyib. Qəfil başlayan odlu-alovlu, ehtiraslı məhəbbət macərasının ömrü az olub. Bu ehtiraslı məhəbbət macərası qəfil başladığı kimi qəfil də sönüb. İctimai rəyə məhəl qoymayan Marqaret yaraşıqlı və ərköyün Red Apşoudan ayrılıb. Ərindən boşanandan sonra, özünü mətbuat aləmində jurnalist kimi sınamaq istəyir. O dövrdə qadın jurnalistlərin barmaqla sayıla biləcək qədər az olduğunu nəzərə alsaq, bu sevdanın asanlıqla başa gəlmədiyini təxmin edə bilərik.

Marqaret Mitçell "Atlanta cornl" jurnalında reportyor kimi işə başlayıb. Doğrudur, jurnalın redaktoru gənc qadını işə götürməkdən məmnun deyildi - yəni reportyor peşəsi qadın işi deyil. Buna baxmayaraq, sonralar Mitçell bu dərginin ən yaxşı jurnalistlərindən biri olacaqdı.

İyirmi dörd yaşlı jurnalist qadın ikinci dəfə ailə qurub və jurnaldan ayrılıb evdar qadın olub. Ötən əsrin əvvəllərində, hətta ABŞ-da belə, ailəli qadınlar işləməz, evdə oturub biş-düşlə, gündəlik ailə qayğılarıyla yaşayıblar. Con Marş Red Apşou kimi yaraşıqlı kişi deyildi, amma, mehriban, qayğıkeş və ciddi adam idi. Jurnaldakı işindən çıxıb ikinci dəfə ailə qurandan sonra Marqaretin boş vaxtı çox olub, o, boş vaxtın cilovunu əlinə alıb - roman yazmağa başlayıb.

"O, sevdiyi iki kişidən heç birini anlaya bilməyib, indi onların hər ikisini itirib" - bu cümlə ilə yazmağa başlayıb xanım Marqaret. Bu fraza romanın son bölümündə yer alıb. Son abzasdan başlayaraq yazmaq səriştəsi ona jurnalistikadan yadigar qalıb. Marqaret Mitçell oçerklərini də bu üslubda yazardı. "Küləklə sovrulanlar" on il müddətində yazılıb, zira, belə bir epik roman əlbəttə ki, bir neçə aya ərsəyə gələ bilməzdi. 1935-ci ilin dekabrında yazıçı romanın son variantını tamamlayıb. Romanın əlyazmasını nəşriyyata təqdim edib. Bu məqamda bir faktı da qeyd etmək yerinə düşər, əlyazmada romanın adı "Sabah başqa gün olacaq" yazılıb. Son anda, yazıçı nəşriyyatdaca romanın adını dəyişdirib, kitabın adını Qədim Roma yazıçısı Horatsinin bir misrasından götürüb. Qəhrəmanın adını da son anda düşünüb tapıb.

Bir ildən sonra roman işıq üzü görüb, işıq üzü görər-görməz bestseller siyahısına düşüb və uzun illər boyu bu siyahıda qalıb. Romanın satışa çıxarıldığı birinci gün əlli min nüsxə satılıb. İl ərzində roman otuz bir dəfə çap olunub, bir ildə müəllifinə üç milyon dollar gəlir gətirib. Həmçinin, roman Amerikanın nüfuzlu Pulitzer mükafatına layiq görülüb. Peşəkar tənqidçilər isə narazılıqlarını dilə gətiriblər. Onların fikrincə, roman bu böyük mükafata layiq deyildi. Tənqidçilər yazıblar ki, romanın dəyəri oxucularının sayı ilə ölçülə bilməz, oxucu kütləsinin sayı romanın bədii dəyəri kimi qələmə verilməməlidir. Məşhur fantast Herbert Uellsin "Küləklə sovrulanlar" romanı haqqındakı fikirləri cığal, iddialı və özlərindən müştəbeh tənqidçilərin mübahisələrinə son qoyub. H.Uells yazır: "Bu kitab bir sıra möhtərəm klassiklərdən daha yaxşı yazılıb".

1939-cu ildə rejissor Viktor Fleminq romanı ekranlaşdıranda, Red Batler obrazını tərəddüd etmədən Klark Heyblə verdi. Heybl əvvəlcə bu obrazın böyük məsuliyyət tələb etdiyini bəhanə gətirərək filmdə oynamaqdan boyun qaçırmaq istəyib. Amma, Heybl bu rolda çəkilib və peşiman olmayıb, belə ki, bu rol ona böyük şöhrət gətirib.

Skarlettin rolunda oynayacaq aktrisa isə tapılmırdı. Rejissor düz iki il belə bir aktrisa axtarıb, 1400 namizəd arasından Vivyen Li seçilib. Li, yazıçının gəncliyinə çox bənzəyib. Skarlettin anasını oynayan aktrisa isə Vivyen Lidən cəmi bir yaş böyük idi.

Yazıçının doğma şəhəri Atlantada filmin premyerası böyük uğur qazanıb. Bu film Oskar almış ilk rəngli film kimi də tarixə düşüb. Filmdən sonra Marqaret Mitçell daha da məşhurlaşıb. Naşirlər ondan yeni roman istəyiblər. O isə, yalnız gülümsəyib. Onun təbəssümündə sarkazm vardı. Bütün şirnikdirici şərtlərə rəğmən Mitçell "Küləklə sovrulanlar" romanından başqa heç nə yazmayıb.

1949-cu ilin avqustun 11-də Marqaret Mitçell əri Con Marş ilə evdən çıxıb kinoteatra gedirlər. Yolda bədbəxt hadisə baş verir. Sərxoş taksi sürücüsü şan-şöhrəti bütün dünyaya yayılmış qırx doqquz yaşlı qadını vurur. Avqustun 16-da külək Marqaret Mitçelli sovurub aparır...

Baxış sayı: 233