XƏBƏRLƏR
MƏLUMAT
COP29 çərçivəsində “YARAT”ın təqdimatında sərgi və simpozium təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
15/11/2024 16:49

“YARAT” Müasir İncəsənət Məkanı COP29 çərçivəsində Azərbaycan rəssamı Aida Mahmudovanın “Funksionallıqdan kənar” sərgisini açıb, həmçinin “İncəsənət və iqlim dəyişikliyi” adlı birgünlük simpozium təşkil edib.

“YARAT”dan AZƏRTAC-a bildirilib ki, “Funksionallıqdan kənar” Aida Mahmudovanın Azərbaycan mədəni irsinin dərindən araşdırılması istiqamətində apardığı bədii təcrübələrini əks etdirən sərgidir. Rəssam təbiətdən ilhamlanaraq onun relyefi, canlı aləmi, iqlim şəraitinin möhtəşəm gözəlliyini daima öz yaradıcılığında ifadə edir. O, son illər ərzində əsərlərini müxtəlif teksturalı, fərqli tərkibli təbii materiallardan istifadə edərək yaradır.

Aida Mahmudova sərgini hazırlayarkən yalnız emalatxanada çalışmaqla kifayətlənməyib, yerli sənətkarlarla əməkdaşlıq quraraq ənənəvi Azərbaycan incəsənətinə müasir çalarlar əlavə edib. Rəssamın 2024-cü ildə ərsəyə gətirdiyi “Funksionallıqdan kənar” adlı keramika nümunələri silsiləsi material və hekayənin dərinliklərinə vararaq, ənənə ilə müasirlik arasında poetik əlaqə qurur, bu saxsı qabların klassik formalarına yenidən nəzər salır. Aida Mahmudova Azərbaycan mənzərələrindən ibarət fotoarxivindən ilhamlanaraq dekol üsulu ilə şəxsi hekayələri və xatirələri silsilə əsərlərində təsvir edir.

“İncəsənət və iqlim dəyişikliyi” simpoziumu incəsənət təbliğatı, iqlim qayğısı və dayanıqlı gələcəyə həsr olunub. Bu unikal tədbirin ideya və konsepsiya müəllifi Aida Mahmudovadır. Dörd fərqli mövzuda keçirilən panel sessiyalardan ibarət simpoziumda çıxış edən spikerlər müxtəlif xarici ölkələrdən dəvət olunublar.

Panellər “Ekoloji gündəliklərin mədəniyyət müəssisələrində proqramlaşdırılması”, “Dayanıqlılıq və incəsənət bazarı”, “Vizual incəsənətdə postsosialist antroposen haqqında əsas təqdimat” və “Vision Art Platform” jurnalının xüsusi buraxılışının təqdimatı”na həsr olunub.

Baxış sayı: 38