XƏBƏRLƏR
MƏLUMAT
Bu gün xalçaçı-rəssam Aydın Rəcəbovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
09/04/2021 01:00

Aydın Məhəmməd-Ağa oğlu Rəcəbov 9 aprel 1944-cü ildə Bakı şəhərində anadan olub. O, 1966-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib və həmin il Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. İkinci kursdan M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirib və buradan 1972-ci ildə məzun olub.

Rəssam 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının, 1991-ci ildə isə Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvü seçilib. O, 2012-ci ildə Azərbaycan Rəssamlar İttfaqının "Dekorativ-tətbiqi sənət" bölməsinin rəhbəri təyin olunub.

Aydın Rəcəbov xalçaçı-rəssam Lətif Kərimov xalçaçılıq məktəbinin yetirməsi hesab edilir. Bununla yanaşı o, öz fərdi yaradıcılıq üslubunu formalaşdırmış və yaradıcılığını ənənələrə bağlılığı və müasirliyin sintezinə əsaslandırıb. Onun xalça və naxış yaradıcılığında poeziya qaynaqlarına, Azərbaycanın orta əsr miniatür ənənələri və kompozisiya quruluşuna müraciət əsas yer tutur. Rəssamın bu qəbildən olan əsərlərinə "Şirinin Bisituna gəlməsi", "Bahar qızı", "Şərq gözəli", "Ud ifaçısı", "Çövkən oyunu", "Şahın elçiliyi" və başqaları daxildir.

Bundan əlavə, "Münəccimlər", "Əncir ağacı", "Süvari dərviş", "Dür at", "Günəş gəzdirən ağ dəvə", "Qurbanlıq qoç", "Əkinçi qoca", "Mücərrəd Qımıl", "Dünya ağacı və ya badam ağacı", "Simurq", "Faytonçu", "Həmsöhbət kişilər" kimi əsərləri rəssamın yaradıcılığında xüsusi yer tutur.

Aydın Rəcəbovun 2005-ci ildə Bakıda və Stokholmda fərdi sərgiləri keçirilib.

O, respublika və beynəlxalq sərgiləridə müəllifi olduğu xalçaları ilə iştirak edib. Xalçaçı-rəssamın əsərləri Azərbaycan muzeylərində və Almaniya,Türkiyə, İtaliya, İspaniya, İsveçrə, Fransa və digər ölkələrdə müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.

Aydın Rəcəbov 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar rəssamı" fəxri adına layiq görülüb.

Baxış sayı: 264