XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
18/02/2022 00:50

UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq Sülh səfiri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı, RDA beynəlxalq təşkilatının, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əşrəf Nəzir oğlu Heybətov 18 fevral 1951-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Almaniyada "Bakı" Mədəniyyət Cəmiyyətinin sədridir. Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi üzvüdür.

"Azərbaycan-Almaniya" Dostluq Cəmiyyəti İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə Kuratoru, Almaniya Rəssamlar Birliyi, Beynəlxalq PDA ("Platforma, Dialoq, Avrasiya") təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.

Hal-hazırda Almaniyanın Koblents şəhərində yaşayır.

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunub. 27 may 2018-ci ildə “Azərbaycanın Xalq rəssamı” fəxri adına layiq görülüb.

Onun işlərinin əsas mövzusu Azərbaycan və bu diyarın xalqıdır. Əslən içərişəhərli olan Əşrəf Heybətov öz əsərlərinin çoxunda Bakının bu qədim hissəsindəki doğma dar küçələri təsvir edib. Lakin son vaxtlar ümumtürk miqyaslı mövzular onu daha çox maraqlandırır.

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan vətəndaşlığı alan Xalq rəssamı Avropanın aparıcı dövlətlərindən olan Almaniyada Azərbaycan həqiqətlərinin təbliğ olunmasında əvəzsiz rol oynayır, əsərlərində xalqımızın adət-ənənəsinə geniş yer verir, doğma Azərbaycana həsr etdiyi əsərləri ilə digər xalq və millətlər arasında vətənə, onun tarixinə, təbiətinə və mədəniyyətinə sevgi aşılayır.

Təsadüfi deyil ki, zəngin yaradıcılıq bioqrafiyası olan Ə.Heybətovun əsərlərinin toplandığı “Qarabağa gedən 44 günlük yol”, “Xocalı faciəsi” jurnal-kataloqlar və “Almaniyadan 100 rəsm” adlı kitab, eləcə də rəssamın ərsəyə gətirdiyi Vətən müharibəsində zəfəri tərənnüm edən genişmiqyaslı panno böyük marağa səbəb olub.

Rəssam emosional hisslərini belə ifadə edib:

"Bakı Azərbaycanın ürəyi, Şuşa isə onun ruhudur".

Baxış sayı: 660