XƏBƏRLƏR
MƏLUMAT
Bölgələrdə Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/09/2025 09:14

18 Sentyabr – Milli Musiqi Günü və görkəmli bəstəkar, musiqişünas, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində ölkənin müxtəlif bölgələrində silsilə tədbirlər təşkil olunub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən festival Azərbaycanın klassik musiqi irsinin təbliği, milli musiqimizin regionlarda daha geniş yayılması məqsədi daşıyır.

Fikrət Əmirov adına Gəncədə Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestrinin çıxışı ilə Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmuş konsert proqramı baş tutub.

Şəkidə Heydər Əliyev Mərkəzində keçirilən konsertdə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlər ansamblı Üzeyir Hacıbəylinin tanınmış əsərlərini ifa edib, bəstəkarın həyat və yaradıcılığı haqqında çıxışlar edilib.

Sabirabadda “Diyardan diyara Üzeyir nəğməsi” adlı musiqi proqramı təqdim olunub. Mil-Muğan bölgəsinin musiqi məktəbləri bəstəkarın operalarından səhnələr və romanslarla çıxış ediblər.

Şamaxıda Ü.Hacıbəylinin yubileyi münasibətilə sərgi və konsert təşkil olunub. İncəsənət Təhsili Mərkəzinin müəllim və şagirdləri dahi bəstəkarın əsərlərini səsləndiriblər.

Xaçmazda keçirilən “Üzeyir dühası” adlı konsertdə Quba-Xaçmaz bölgəsinin musiqi məktəbləri iştirak edib. “Leyli və Məcnun” operasından səhnə də nümayiş olunub.

Lənkəranda baş tutan tədbirdə Uşaq Musiqi Məktəbinin xor və solistlərinin ifasında Üzeyir bəyin operalarından, romans və xalq musiqisi ruhunda yazılmış əsərlərdən nümunələr səsləndirilib.

Biləsuvarda Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən “Üzeyir dühası” konsertində bölgənin incəsənət kollektivləri çıxış ediblər, Azərbaycan musiqi sənətinə həsr olunan rəsm sərgisi təqdim olunub.

Sumqayıtda “Səs və ruhun görüşü” adlı tədbirdə musiqi ifaları təqdim olunub. Rəsm sərgisi tədbirə əlavə rəng qatıb.

Şəmkirdə Üzeyir Hacıbəylinin abidəsi ziyarət olunub. Tədbirlər çərçivəsində kitab sərgisi və konsert proqramı keçirilib.

Mingəçevirdə Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Mingəçevir Dövlət Dram Teatrında isə “Ər və Arvad” komediyası nümayiş olunub.

Ağcabədidə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu rəngarəng konsert ilə çıxış edib. Festival çərçivəsində digər mədəniyyət ocaqlarında da tədbirlər təşkil olunub.

Baxış sayı: 21