XƏBƏRLƏR
MƏLUMAT
Özbəkistanda Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının təqdimatı olacaq
ÜMÜMİ XƏBƏRLƏR
15/09/2025 14:33

Sentyabrın 16-da Daşkənddə dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı ölməz əsəri özbək dilində təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, bu nəşr Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir.

İlk dəfə olaraq kitab tam şəkildə özbək dilinə tərcümə edilərək nəfis şəkildə çap olunub. Bununla da dahi bəstəkarın ideyaları daha geniş oxucu kütləsinə çatdırılır.

Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” əsəri təkcə bir kitab deyil, milli musiqi düşüncəsinin bünövrəsini təşkil edən, xalq musiqimizin fəlsəfəsini, muğamın incəliklərini, melodiyanın ruhunu elmi əsaslarla izah edən fundamental tədqiqatdır. Bu monumental irs, Azərbaycan musiqisinin zənginliyini sistemləşdirərək onun ümumbəşəri dəyər daşıdığını bir daha sübut edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında imzaladığı Sərəncama əsasən təşkil edilən bu tədbir, görkəmli bəstəkarın zəngin yaradıcılıq irsinin özbək tələbələri və musiqisevərləri tərəfindən dərindən öyrənilməsi, onun milli musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərinin təbliği və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.

Daşkənddə keçiriləcək bu təqdimat, sadəcə, bir kitabın tanıdılması deyil, həm də Azərbaycan və Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlığın yeni mərhələsinə açılan bir qapıdır. Bu tarixi hadisə iki qardaş xalqın musiqi yaddaşını birləşdirərək gələcək nəsillər üçün zəngin bir irs qoyacaq.

Baxış sayı: 22