XƏBƏRLƏR
MƏLUMAT
Ağalar Mirzə - Ruh əkizinin axtarışında
ÜMÜMİ XƏBƏRLƏR
05/03/2021 00:43
Dəniz beşiyimdi, dağ vüqarımdı,
Əl üstə gəzdirir təbiət bizi.
Küləklər günahkar məktublarımdı,
Hər axşam döyəcək pəncərəmizi.
 
Bu dəm o günahkar küləklərdən biri də mənim qəm pəncərəmi döyəclədi, yaz yağışının altında, qaranquş civiltisində, nərgizgülü ətrində... Pəncərəmin ürəyi varmış, döyündü tappıltıyla, əli varmış laybalay açılmağa, gözləri varmış, dünyaya güzgü... Pəncərəmdən boylanan xəyal bu dəfə yüz canlının, min canlının içindən çıxan dünyasını dəyişmiş bir Şairin canlıdan canlı xəyalıydı.
 
Ağalar Mirzənin poeziya dünyasından boylanan yaz nəfəsli, bahar ovqatlı doyum olmayan bir düyməlik hiss-həyəcan toplusuydu. Təbiət sizin içinizdən boylandığınız dünyanın rəngindədi. Təbiəti sevən hər hansı qələm adamı ona boylanarkən içindəki mövsümdən boylanarsa əlindəki qələmdən süzülən bütün əsərləri daha saf və qəbuledilən olar. Ağalarda bu yaddaş və sevgi duyumu özününküydü, Şabranda qoyub getdiyi, aparmaq istəyib apara bilmədiyi, özünü bu yerlərlə həm yad və həm də doğmadan doğma bildiyi umu-küsü kimiydi. Ağaların kitablarını oxuduqca hiss edirsən bu təmənnalı eşq də Şabranın küçələrində dolaşan cənnətə ünvanlı ruhlardan başqa bir şey deyildir. Gözlədiyi və umduğu elə əslində yüz qat artığını bəxş etdiyi sevgi və vəfa borcuydu. Sübut:
 
Günləri qovarıq atlı, piyada,
Qaçarıq bir çınqı işığa sarı.
İşıq saflığını sevdik dünyada,
Adımız qalacaq kənd uşaqları.
 
İlklər həmişə dəyərlidir. İlk sevinc, ilk ağrı, ilk sevgi, ilk ayrılıq... İlklər daha çox incidir, ilklər daha çox yadda qalır. Dünyanın ilk və əzəli yolu sevgi yoludur. Şairlər bu yolun daimi yolçularındandır. Şairlər sevgi yolunun bütün qanunauyğunluqlarını və qanunsuzluqlarını yaşaya bilənlərdir. Dünya bir ucu qaranlıq olsa belə onu işıqlandıracaq bir qüvvə var, sonuncu adamı şair olsa da, olmasa da bu dünyada yaşamağa dəyər hisslər mövcud olacaqdır. Təbiəti sevmək hər ruhun ehtiyacında deyil, təbiəti sevmək insanın iç zənginliyi və eyni zamanda da daxili boşluğunun təlatümündəndir. Bir var, boşluq, səni narahat etmir, zərrə qədər darıxmırsan, bir boşluq da var, səni hara aparsa bu yollar darıxmaqdan keçir.
 
Bayraqları qaldırın,
Son döyüşdü, irəli!
Qələbə nə şirindi,
Ölüm nədi, görəlim.
 
Mənim şair qəhrəmanım Ağalar Mirzə daxilindəki boşluqlardan cana gələn, yollara sərgərdan düşməyi sevən, hamıdan, hər kəsdən qaçmaq istəyən və bunu poeziyaya, video-təsvirlərə çevirə bilən bir insandır. Ağalar Mirzə az dostu olan adamlardandır. Çünki pərakəndəlik və səliqəsizlik onluq deyil. İndi dünyanın belə təlatümlü dövründə az insan tapılar ki, onun bir neçə dostu olsun. Həqiqi dostu! Anlam genişdir, amma çox mücərrəddir. Qələmlə, dəftərlə, kitablarla dostluq bu dostluqların ən gözəlidir. Xatirələrlə, xəyallarla, yuxularla, ümidlərlə dostluq insanın özünüdərkidir. Nə gözəldir, ayrılanda belə qəribsədiyin doğma ocağının olması. Ata evinin gözündəki möhtəşəmliyinin azalmamsı. Gənclik və uşaqlıq xatirələrinin ləkələnməməsi. Başı örpəkli ananın dualarının həmişə üstündə olduğunu hiss etmədə əminlik hissləri. Nə gözəldir, belə yaşanmış bir ömürün yolçusu olmaq...
 
Dünən köçümüzü yığıb apardıq,
Köçdüm öz evimə ata evindən.
Maşına sığmadı xatirələrim,
Onlarçın ayrıca gərək gəlim mən.
 
Və daha biri:
 
Evimiz yuxuma girib yenə də,
Evimiz dünyada üzən tək gəmi.
Tələsik rayona qayıdıram mən,
Gecə qatarıyla durnalar kimi.
Heç bitməyən ağrılar kimi
davamı gəlir səssizliyin...
 
Çıxdın qabağıma durna köçütək,
Payızdı... Üşüyür ağaclar, güllər.
Ürəyin açıqdı ovuc içitək,
Qorxuram üstünə yağış tökülər.
 
Bəzən insan çəkdikləri və yaşadıqları ilə ömrün bir yerinə qədər gəlir... gəlir... və anlayır ki, hardasa sona varır bütün gücü, istək və arzuları, hətta duyğuları belə... Mən Ağaları oxuyanda bunu hiss etmədim. Ağalar yaşadıqların da, çəkdiklərin də daşıya biləcək adamdır mənim üçün. Özümün qələmlə dostluğumun əbədi hal aldığını bildiyim andan Ağalar Mirzə yanımda olan yeganə şairlərdən biri oldu. Ağalar Mirzə yeganə adam idi ki, bu həyatda olmadığı anda belə, bizim heç bir görüşümüz olmadan belə onu yanı-başımda hiss etdim. Xaqani Poeziya Evinin pəncərələrindən günəşə, yağışa, qara boylandıqca onu gördüm, Şabran küçələrindən keçirdi, çiyinlərində şabranlıların giley-güzarını, güzəranını, ağırlıq və ağayanalıqlarını, şeiriyyətini və duyumunu daşıyırdı. Keçdiyim küçələrdən onu soraqlamağa, onu tanıyıb-tanımayanlardan yenə də onu soruşub öyrənməyə heç zaman ehtiyac duymadım, çünki O öz şeirlərindəki adamıydı.
 
Mən Ağalar Mirzəni oxuduqca bunu hiss etdim. Və hiss etməkdəyəm...
 
Ölümündən sonra yaşamaq elə bu olmalıdır... "Tanrı yanında yerin behişt olsun!"- deməyə dilim gəlmir, "Nə yaxşı ki, varsan, Ağalar!"- deyirəm, "Nə yaxşı ki, varsan!"
 
AY Bəniz Əliyar AYB-nin üzvü, şair
Baxış sayı: 418