XƏBƏRLƏR
MƏLUMAT
30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü
ÜMÜMİ XƏBƏRLƏR
30/11/2020 00:52

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 1988-ci il noyabrın 30-da qeyd olunur. Məhz həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat institutları və hərbi idarələr də daxil olmaqla ARPANET-in minlərlə qovşağını sıradan çıxaran ilk kompüter virusu meydana gəlib və nəhəng itkilərə səbəb olub. Yaradıcısının adı ilə “Morris soxulcanı” adlandırılan bu virusun vurduğu ziyan təxminən 100 milyon dollar həcmində qiymətləndirilib.

“Morris soxulcanı” göstərib ki, informasiya təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir və insanlar tərəfindən böyük səylər və müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Buna görə də dünya ictimaiyyəti informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə başlayıb. Həmin vaxtdan bəri informasiya texnologiyaları, təbii olaraq informasiya cəmiyyəti inkişaf etdikcə bu problem daha da aktuallaşır. Bunları əsas tutaraq 1988-ci ildə Kompüter avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü elan edib. Ona görə ki, informasiya təhlükəsizliyi bir ölkəni yox, bütün bəşəriyyəti təhdid edən problemdir.

İnformasiya Təhlükəsizliyi Günü çoxdan istifadə olunan parolların yeniləşdirilməsi, sistemdə virusların mövcudluğunun yoxlanması, verilənlərin arxivləşdirilməsi, lazımsız informasiyanın silinməsi, vacib informasiyaların mühafizə səviyyəsinin auditi, kompleks təhlükəsizliyin və digər bu kimi tədbirlərin həyata keçirilməsi, ictimaiyyətin diqqətinin artırılması, müvafiq qurumların və mütəxəssislərin məsuliyyətinin xatırlanması və ümumiyyətlə, bir monitorinq günüdür. Həmin vaxtdan etibarən informasiya təhlükəsizliyi problemlərinin müxtəlif aspektlərinə həsr olunmuş beynəlxalq tədbirlər keçirilir.

Keçən müddət ərzində bu günün əhəmiyyəti daha da artıb. Cəmiyyətin bütün sahələrinin və insanların informasiya-kommunikasiya texnologiyalarından (İKT) asılılığı gücləndikcə informasiya təhlükəsizliyinin əhəmiyyəti özünü daha çox büruzə verir. İnformasiya təhlükəsizliyi dövlətin, cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətlərindən birinə çevrilir.

İnformasiya təhlükəsizliyinin təmin edilməsinin ən vacib vəzifələrindən biri də yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır. Bu istiqamətdə ölkədə müəyyən işlər görülür. Bir sıra ali məktəblərdə müvafiq ixtisaslar üzrə kadr hazırlanmasına başlanıb.

Vətəndaşlarda informasiya mədəniyyətinin vacib hissəsi olan informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması istiqamətində davamlı və məqsədyönlü tədbirlərin görülməsi zəruriyyəti də dövrümüzün reallıqlarıdır. Belə ki, istifadəçilərdə informasiya-kommunikasiya sistemlərində iş zamanı təhdidlərin vura biləcəyi ziyan, həmin təhdidlərdən mühafizə mexanizmləri haqqında zəruri bilikləri və onlarla işləmək bacarıqları olmalıdır. İnternet şəbəkəsindən istifadə mədəniyyətini formalaşdırmaq, neqativ təsirlərə qarşı “immunitet”in möhkəmləndirilməsi üçün bu mədəniyyət normalarını təbliğ etmək lazımdır.

30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününün əsas məqsədlərindən biri də elə budur.

Baxış sayı: 295