XƏBƏRLƏR
MƏLUMAT
Xəzər rayon MKS-nin 6 saylı filialı növbəti oxucusunu izləyicilərə təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
03/05/2019 09:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin 6 saylı filialı “İstedadlı oxucularımızı dünyaya tanıdaq!” adlı rubrikasında növbəti istedadlı oxucusunu - Orxan Bahadırsoyu izləyicilərə təqdim edib.

Orxan Bahadırsoy 1993-cü ildə Lerik rayonunda ziyalı ailəsində anadan olub. Bakı şəhəri, Xəzər rayonu 92 saylı tam orta məktəbi və ADMİU-nun “Kino və dram teatrı aktyorluğu” fakültəsini bitirib. “Zaman-press” qəzetinin Mədəniyyət və incəsənət şöbəsinin müdiri, “Sputnik” İnformasiya Agentliyinin mədəniyyət üzrə köşə yazarıdır. Yazılarına görə 2013-cü ildə “Qızıl qələm” media mükafatına, 2015-ci ildə “Mətbuatın Tərəqqəsi Naminə” Fəxri Diplomuna layiq görülüb. Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının üzvüdür.  2017-ci ilin yayında Almaniyanın Potsdam, Berlin və Franfurt (Oder) şəhərlərində keçirilən “Next Stage Europe 3” festivalına “Saçını satan aktrisa” pyesi ilə qatılan Orxan Bahadırsoy burada Azərbaycandan qatılan ilk dramaturq olub və əsər 2017-ci ildə Almaniyanın Potsdam şəhərində yerləşən Hans Otto teatrında səhnələşdirilib. Pyes Almaniyada çap olunan dram əsərləri antologiyasına daxil edilib. Əsərləri türk, rus, ingilis, alman, gürcü və başqa dillərə tərcümə olunub.  

Erkən yaşlarından şeirlər yazmağa başlayıb, hələ orta məktəb illərindən şeirləri bir sıra qəzetlərdə dərc olunub və müxtəlif müsabiqələrdə uğur qazanıb. Müəllifin “Eybi yox”, “Darıxma”, “Gecənin sənsizliyi”, “Kişilər ağlayanda”, “Kimsəsiz”, “Çıx get”, “Qonşu döyür qapımı”, “Ayıbdır dünyanın çılpaqlarından”, “Üşüdünsə, bağışla” və başqa şeirləri geniş oxucu kütləsi qazanıb. Şeirləri müxtəlif peşəkar aktyorlar tərəfindən səsləndirilib. Orxan Bahadırsoyun müxtəlif mövzulu şeirlərdən ibarət “Şeir Adam” adlı kitabı 2016-cı ildə çap olunub. İlk dram əsərini 16 yaşında yazan Orxan Bahadırsoy daha sonralar “Böhtan”, “Qoca sevgililər”, “Avatar”, “Soyun, gözəlim”, “Mənim qadınlarım”, “Zaman maşını”, “Terror”, “Kimsəsizlər sığınacağı” pyeslərini yazır. Eyni zamanda, Koko Şanelə həsr olunmuş “Madmauzel Şanel”, Pablo Pikassoya həsr olunmuş “Pikassonun boyaları”, Hüseyn Ərəblinskiyə həsr olunmuş “Səhnə tanrısı”, Edqar Allan Poya həsr olunmuş “Sirli dahi” tarixi pyeslərinin müəllifidir. Müəllifin dram əsərlərindən bəziləri kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən e-nəşr edilib. Orxan Bahadırsoyun şeirlərinə musiqilər bəstələnib. “Gedirəm” (musiqisi Zamiq Məmmədov) mahnısı Zamiq Məmmədov, “Ad günün” (musiqisi Tahir Abdullayev) mahnısı Elnur Məmmədov tərəfindən ifa olunub. Bundan başqa, Orxan Bahadırsoy öz şeirlərinə özü də musiqilər bəstələyir. Bunlardan “Sənə qurban” mahnısı Zamiq Məmmədov tərəfindən ifa olunub.

Eyni zamanda aktyor kimi fəaliyyət göstərən Orxan Bahadırsoy müxtəlif teatr tamaşalarında rol alıb. “Oda” teatrı ilə əməkdaşlıq edib, bu teatrın repertuarında həm müəllifi, həm də rejissoru olduğu “Sirli Dahi” və “Suriyalı” adı ilə iki tamaşası yer alıb. Eyni zamanda bu tamaşaların hər ikisində baş rolu ifa edib. Orxan Bahadırsoy həm də teatr tarixi haqqında müxtəlif tarixi araşdırmaların, eyni zamanda teatrların repertuarında yer alan müxtəlif tamaşalar haqqında resenziyaların müəllifidir.

Orxan Bahadırsoy 5 mart 2010-cu il tarixindən Xəzər rayon MKS-nin 6 saylı filialının fəal oxucusudur. İlk götürdüyü kitab S.Qədirzadənin “Təbəssüm mükafatımdır” adlı əsəri olub, hazırda M.Məmmədovun  “Hüseyn Ərəblinski” adlı əsərini oxuyur. Demək olar ki, kitabxana fondundakı mədəniyyət və bədii ədəbiyyat şöbələrinin həm kiril və həmçinin də latın qrafikası ilə olan bütün kitablarını oxuyub.

Filial müdiri S.Nəsirova bildirib ki, “Orxan kitabxanamızın ən istedadlı oxucusu olmaqla bərabər, həm də ən sevimli oxucusudur. Orta məktəbdə oxuduğu illərdə istər məktəb, istərsə də kitabxana, klub, qəsəbə, rayon, şəhər miqyaslı tədbirlərdə hər zaman böyük şövqlə iştirak edib. Çox istedadlı gəncdir. Orxana gələcək işlərində uğurlar arzu edirik!”.

Qeyd edək ki, bu rubrika həm “cls.az/xəzər mks/qala qəsəbə kitabxana filialı” saytında, həm də facebook sosial şəbəkəsində qeydiyyatdan keçmiş “Qala qəsəbə kütləvi kitabxana” və “Моилюбимыекниги” adlı səhifələrdə də yayımlanır. Rubrikanın sayt və sosial şəbəkələrdə yayımlanmasında məqsəd istedadlı və fəal oxucuların müxtəlif bölgələrdə yaşayan insanlar tərəfindən tanınması və ən əsası müxtəlif yaş qruplarından olan insanları mütaliəyə, kitablara, kitabxanalara cəlb etməkdir.

 

 

Baxış sayı: 81501